ABŞ və İsrailin İran daxilində qarışıqlıq yaratmaqla münaqişədə üstünlük qazanmağa çalışdığı iddia olunur. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp bu məqsədlə kürd qüvvələrini silahlandıraraq onları mümkün hərbi əməliyyatlara cəlb edə bilər. Bir qədər əvvəl İranın İraqda ABŞ hərbi bazasına zərbə endirməsi qurudan müdaxilə ehtimalını yenidən gündəmə gətirib.
“Kürd kartı” müharibədə həlledici rol oynaya bilərmi?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan sabiq deputat, politoloq Elşad Mirbəşiroğlu deyib ki, İranda narazı qruplar mövcuddur, lakin indiki şəraitdə rejim tərəfdarları üstün mövqedədirlər:
“Bu səbəbdən ABŞ-ın təsir göstərə bildiyi qruplar hələlik açıq fəallıq nümayiş etdirə bilmirlər. İran daxilində gərginlik yaratmaq üçün nəzərdə tutulan vasitələrdən biri kimi isə kürd faktoru göstərilir. Qərb mediasında yayılan məlumatlara görə, ABŞ İraq Kürdüstanı Hökumətinin keçmiş başçıs Məsud Bərzani və Bafel Təlabani ilə danışıqlar apararaq mümkün quru əməliyyatlarında kürd qüvvələrindən istifadə variantını müzakirə edir. İranın xarici işlər naziri Abbas Əraqçi isə həm İraq XİN başçısı Məhəmməd Şiya əs-Sudani, həm də İraq Kürdüstanı rəhbərliyi ilə telefon danışığı aparıb. Hər iki tərəf İranı əmin edib ki, kürdlər münaqişənin tərəfi olmayacaqlar”.
Politoloq bildirib ki, bu bəyanatlar kürdlərin gələcəkdə quru əməliyyatlarına cəlb olunmayacağı anlamına gəlmir:
“Bütün hallarda proseslərin necə inkişaf edəcəyini zaman göstərəcək. Hazırda ABŞ-ın İraq-İran sərhədi boyunca, xüsusilə kürdlərin yaşadığı ərazilərdə yerləşən hərbi infrastrukturu bombalaması diqqət çəkir. Bu da bəzi ehtimallara əsas verir ki, gələcəkdə İraqdan İran ərazisinə daxil olmaq üçün müəyyən şərait formalaşdırılır. Digər tərəfdən, İran Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani kürdlərə sərt xəbərdarlıq edərək bildirib ki, vəziyyət İran hakimiyyətinin nəzarəti altındadır. Bununla yanaşı, İran rəhbərliyi kürd qüvvələrinin mümkün müdaxiləsi ilə bağlı narahatlığını gizlətmir. Çünki İran kürdlərinin İraqda fəaliyyət göstərən bəzi qrupları fevral ayının əvvəlində siyasi koalisiya yaratdıqlarını elan edib və rejimin dəyişdirilməsi ilə yanaşı muxtariyyət əldə etmək niyyətlərini açıqlayıblar.
Məsələnin başqa bir tərəfi də var. Silahlı qarşıdurma uzandıqca bu, həm ABŞ-ın, həm də Trampın mövqelərini zəiflədə bilər. Qərb mediasında yayılan məlumatlara görə, ABŞ-ın regiondakı bəzi hərbi arsenal ehtiyatları məhduddur və mövcud tempdə hücumların davam etdirilməsi uzun müddət mümkün olmaya bilər. Əgər Avropa ölkələri və NATO üzrə müttəfiqlər prosesə qoşulmasa, ABŞ-ın raket ehtiyatlarının qısa müddətdə tükənməsi ehtimalı da müzakirə olunur. Hətta ABŞ rəsmilərinin İran dronlarına qarşı raket istifadəsinə müəyyən məhdudiyyətlər qoyduğu barədə məlumatlar yayılır. Görünür, İran 12 günlük müharibədəki hərbi təcrübələrdən nəticə çıxararaq daha ucuz raket və dronlardan istifadə etməklə ABŞ ilə İsrailin bahalı hava hücumundan müdafiə sistemlərini tükətməyə çalışır. Bundan sonra isə ehtiyatda saxladığı daha güclü hipersəs raketlərindən istifadə edə biləcəyi ehtimal olunur”.
E.Mirbəşiroğlu qeyd edib ki, hazırda İran əsasən “Şahid” dronları vasitəsilə hücumlar həyata keçirir:
“ABŞ rəsmiləri isə bu dronlara qarşı bahalı raketlərdən istifadənin uzunmüddətli perspektivdə təhlükəli olduğunu bildirirlər və mövcud tempdə zərbələrin davam etdirilməsinin çətinləşə biləcəyini qeyd edirlər. Eyni zamanda, İran ABŞ-ın regiondakı hərbi bazalarının yerləşdiyi müxtəlif istiqamətlərə zərbələr endirir. Qarşıdurma davam edərsə, bu vəziyyət ABŞ-ın regional müttəfiqləri üçün də ciddi iqtisadi problemlər yarada bilər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində neft terminalına zərbə endirilməsi turizm və enerji sektoruna ciddi zərər vuraraq iqtisadi böhran riskini artıra bilər. Bütün bu amillər müəyyən mərhələdə ABŞ üçün quru əməliyyatlarının zəruri olmasına səbəb ola bilər. Belə halda əsas insan resursu kimi həm İran, həm də İraq ərazisində yaşayan kürd qüvvələrindən istifadə variantı gündəmə gələ bilər. Lakin hazırda kürdlərin prosesə qoşulması ilə bağlı məlumatlar ziddiyyətlidir və bu məsələ ilə bağlı nə İran, nə də Qərb tərəfindən dəqiq mövqe açıqlanıb”.























