İranın Naxçıvan istiqamətinə zərbə endirməsi regionda ciddi müzakirələrə səbəb olub. Hadisənin səbəbləri və bunun arxasında dayanan mümkün məqsədlər ekspertlər tərəfindən müxtəlif cür qiymətləndirilir.
Referans Media-ya açıqlama verən politoloq Turab Rzayev bildirib ki, İran mövcud vəziyyətdə münaqişənin genişlənməsində maraqlı görünür.
Onun sözlərinə görə, Tehran hesab edir ki, konflikt nə qədər genişlənərsə, bir o qədər çox ölkə və beynəlxalq diqqət bu prosesə yönələcək. Politoloq qeyd edib ki, İran müxtəlif istiqamətlərdə zərbələr endirməklə münaqişənin coğrafiyasını genişləndirməyə çalışır və bir sıra ərəb ölkələri də bu zərbələrin hədəfinə çevrilib.
Ekspert əlavə edib ki, bəzi hallarda İran bu addımlarını müəyyən ərazilərdə xarici hərbi bazaların mövcudluğu və ya İsrail təyyarələrinin həmin ərazilərdən istifadə etməsi ilə əsaslandırmağa çalışır. Lakin onun fikrincə, Azərbaycanın Naxçıvan bölgəsinə zərbə endirilməsi xüsusilə diqqət çəkən və qəribə bir hadisədir.
Turab Rzayev vurğulayıb ki, Azərbaycan rəsmi şəkildə öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə vermədiyini dəfələrlə bəyan edib. Əgər belə bir hal olsaydı, müharibənin ilk günlərində İranla Azərbaycan arasında münasibətlər daha da kəskinləşə bilərdi.
Politoloqun fikrincə, Naxçıvan bölgəsi müharibə trayektoriyasında yerləşmir və bu baxımdan həmin istiqamətə zərbə endirilməsi təsadüfi hadisə kimi də izah etmək çətindir. O hesab edir ki, İranın hazırkı şəraitdə ABŞ və İsrail qarşısında təklənməsi fonunda qonşu ölkələrlə də gərginliyi artırması gələcəkdə Tehran üçün arzuolunan nəticələr vəd etmir.
Gülnaz Abdullazadə























