Son günlər havanın temperaturu kəskin yüksəlir və bu, əhali üçün əlverişsiz şərait yaradır. Xüsusilə günorta saatlarında açıq havada uzun müddət qalmaq tövsiyə edilmir. Həkimlər və mütəxəssislər əhaliyə müxtəlif məsləhətlər verir, açıq havada çalışanlar üçün isə ayrıca qaydalar müəyyən olunub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, belə hava şəraiti əksər insanlar üçün risk daşıyır.
Bəs, havanın temperaturunun yüksəlməsi insan sağlamlığına necə təsir edir? Həkimlərin tövsiyələri nələrdir? Açıqlıqda çalışanlar üçün hansı qaydalar mövcuddur? Kimlər daha çox risk altındadır?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, yay aylarında Bakıda təxminən bu cür yüksək temperaturlar müşahidə olunur.
Professorun fikrincə, insanlar belə havalarda necə davranmalı olduqlarını müəyyən qədər bilir:
“Temperatur 30 dərəcə və daha yuxarı olduqda, xüsusilə saat 12:00-dan 17:00-dək birbaşa Günəş şüaları altında uzun müddət qalmaq məsləhət deyil. Bu, xüsusilə təzyiq, şəkər xəstəliyi, bronxial astma və digər xroniki xəstəlikləri olan şəxslər, eləcə də uşaqlar üçün daha təhlükəlidir. Uşaqların bədənində su tutumu az olduğu üçün günvurma və istivurma riskləri yüksəkdir”.
Adil Qeybulla
Adil Qeybulla əlavə edib ki, günorta saatlarında çimərlikdə birbaşa günəş şüaları altında dayanmaq olmaz:
“Qeyd olunan saatlarda istivurma və günvurma halları ola bilər. Belə vəziyyətdə huşun getməsi, bayılma və soyuq tər basması müşahidə olunur. Bu zaman həmin şəxslər dərhal sərin yerə köçürülməli, alnına yaş dəsmal qoyulmalı, bədəni soyuq dəsmalla silinməli və həkim çağırılmalıdır. İnsanlar xüsusi zərurət olmadıqca günəş altında uzun müddət qalmaqdan çəkinməlidir. Baş örtüyü və günəş eynəyi istifadə etmək faydalıdır. Uşaqlarla yola çıxarkən isə mütləq qazsız, təmiz su götürmək və onlara tez-tez su vermək lazımdır”.