Referans.az xəbər verir ki, globalinfo.az-a danışan REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, Ramiz Mehdiyev ətrafında baş verən hadisələr hələ də davam edir və köməkçisinin həbsi bu prosesin tərkib hissəsidir:
“Ramiz Mehdiyevin köməkçisinin həbsi, yəqin ki, istintaq zamanı əldə edilən yeni məlumatlar əsasında baş verib. Onun verəcəyi ifadələr çox sayda şəxsin adının bu işdə hallanmasına səbəb ola bilər. Buraya həm indiki, həm də keçmiş məmurlar, deputatlar və siyasətçilərin daxil olması istisna edilmir”.
N.Cəfərli bildirib ki, istintaqın gedişi həm hüquqi, həm də siyasi baxımdan diqqətlə izlənilir:
“Çünki məsələ dövlət çevrilişinə cəhd kimi ciddi ittihamlarla bağlıdır və bu, qrup halında baş verən hadisədir. Həmin qrupun üzvlərinin bir-bir ifşa olunması həm Azərbaycanın siyasi səhnəsinin, həm də ölkənin milli təhlükəsizliyinin təmizlənməsi baxımından vacibdir. Bu, cəmiyyətin də əsas gözləntilərindən biridir”.























