Azərbaycanda 2060-cı ilədək atmosferə atılan karbon emissiyalarının xalis sıfır səviyyəsinə endirilməsi hədəfi müəyyənləşdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarda 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması, 2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması nəzərdə tutulur.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə karbon emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərin dövlət proqramlarına, strategiyalara, milli fəaliyyət planlarına və digər sənədlərə daxil edilməsini əlaqələndirəcək. Maliyyə Nazirliyinə isə qərarın müvafiq müddəaları nəzərə alınmaqla, dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etmək tapşırılıb. Hədəfə çatmaq üçün beynəlxalq əməkdaşlığın və maliyyə dəstəyinin genişləndirilməsi, müasir texnologiyaların ölkəyə gətirilməsi, güzəştli kreditlərin alınması və özəl sektor investisiyalarının cəlb olunması planlaşdırılır.
Referans Media xəbər verir ki, nəqliyyat eksperti Raqif Raufoğlu “AzPolitika”ya şərhində bildirib ki, elektrik avtomobillərinə keçidlə bağlı hədəflər müsbət olsa da, onların reallaşması dünyada avtomobil sənayesində baş verən dəyişikliklərdən asılı olacaq.
“Əslində, hədəflər yaxşıdır, amma hər şey prosesin necə gedəcəyindən asılı olacaq. Çünki dünyada, o cümlədən avtomobil sənayesində baş verən dəyişikliklər də bu hədəflərə uyğun olmalıdır. Bu məsələdə tərəddüdlər var. Avropanın heç də bütün ölkələri buna hazır görünmür. Hətta avtomobil şirkətləri və ayrı-ayrı ölkələr Avropa İttifaqına müraciət edərək müəyyən tələblərə yenidən baxılmasını istəyirlər. 2060-cı il üçün hədəflər müəyyənləşdirilə bilər, amma yaxın 5-7 ildə bu qədər geniş keçid real görünmür. Çünki məsələ həm də gəlirlilikdən, avtomobil istehsalçılarının bu proses naminə hansı güzəştlərə getməli olmasından asılıdır”, – deyə ekspert bildirib.

R. Raufoğlunun sözlərinə görə, hibrid avtomobillər bu baxımdan daha ümidverici görünür: “Elektrik avtomobillərinin inkişaf etdiyi də doğrudur. Məsələn, beş il əvvəl ağlımıza belə gətirmədiyimiz texnologiyaları bu gün görürük. Bununla razıyam. Ancaq avtomobil seçimi həm də həyat tərzi və sürücülük vərdişləri ilə bağlıdır. İnsan bu qərarı öz həyat şəraitini nəzərə alaraq verməlidir. Bu gün elektrik avtomobili hər kəsin həyat tərzinə uyğun deyil. Üstəlik, enerji tələbatının bu keçidə uyğun olub-olmayacağı da sual doğurur. Ölkələr bu qədər böyük enerji tələbatını qarşılaya biləcəklərmi? Hazırda bu keçidə ən yaxın görünən ölkə Norveçdir. Norveç bu hədəfə doğru irəliləyir və bunun üçün kifayət qədər resurslara malikdir. Amma nəzərə almaq lazımdır ki, Norveç avtomobildən istifadə baxımından Azərbaycanla eyni xüsusiyyətlərə malik deyil. Düzdür, avtomobillərin əhaliyə nisbətinə görə Norveç dünyada ilk sıralardadır. Demək olar ki, hər adama bir avtomobil düşür. Bununla belə, avtomobillərdən istifadə intensivliyi və nəqliyyat vərdişləri də nəzərə alınmalıdır”.
Ekspert qeyd edib ki, belə bir keçidin uğurlu olması üçün yaxşı işləyən ictimai nəqliyyat sistemi və alternativ nəqliyyat imkanları olmalıdır: “İnsanlar şəxsi avtomobildən gündəlik istifadəyə alternativ tapa bilməlidirlər. Məsələn, avtomobildən yalnız rayona və ya uzaq məsafəyə gedərkən istifadə edə bilərlər. Ancaq bu gün insanlar hətta işə gedib-gəlmək üçün də çox vaxt şəxsi avtomobillərdən istifadə etməyə məcburdurlar. Bütün bu amillər elektrik avtomobillərinə keçid prosesində rol oynayır. Digər tərəfdən, avtomobil şirkətləri bu sahəyə böyük investisiyalar yatırırlar. Lakin satışlarda gözlənilən nəticəni əldə etmədikdə, əvvəlki texnologiyalara qayıtmağa məcbur olurlar. Məsələn, yenidən benzin mühərrikli avtomobillərin istehsalına üstünlük verir, yaxud avtomobillərini tullantılarla bağlı Avropa standartlarına uyğunlaşdırmağa çalışırlar. İstehsalçı elektrik avtomobilini bazara çıxarsa, amma ona kifayət qədər tələbat olmadığını görsə, yenidən daxili yanma mühərriklərinə və ya hibrid texnologiyalara qayıtmalı ola bilər. Ona görə də indiki şəraitdə hibrid avtomobillər sırf elektriklə işləyən avtomobillərlə müqayisədə daha real alternativ kimi görünür”.
