image-meloni-elabackend

İtaliyalı lideri Azərbaycana gətirən iki SƏBƏB

İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana səfərə gələcək. Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələdəki iqamətgahında qəbul edəcəyi gözlənilir.
Siyasi analitiklərin xanım Meloninin Cənubi Qafqaza – xüsusilə də Azərbaycana səfərinin təsadüfi diplomatik jest olmadığını bildirirlər. Bu səfərin həm İtaliyanın strateji maraqlarının, həm də Avropa İttifaqı daxilində formalaşan yeni geosiyasi prioritetlərin məntiqi davamı olacağı kimi qiymətləndirilir.

Səfəri zəruri edən əsas amillər barədə Musavat.com-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Avropa üçün əsas məsələ hələ də enerji təhlükəsizliyidir: “Xüsusilə Ukrayna müharibəsindən sonra Avropa İttifaqı ölkələri Rusiya qazından asılılığı azaltmağa çalışır. Bu kontekstdə Azərbaycan alternativ və etibarlı qaz tədarükçüsü kimi çıxış edir. Azərbaycan xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxışı təmin edir. İtaliya isə bu zəncirin son nöqtəsində yerləşən əsas istehlakçıdır. Bu baxımdan baş nazir Meloninin səfəri enerji əməkdaşlığının genişləndirilməsi, qaz həcmlərinin artırılması, uzunmüddətli müqavilələrin möhkəmləndirilməsi kimi məsələlərlə birbaşa bağlı hesab edilə bilər. Bakının Roma üçün strateji tərəfdaş statusu get-gedə daha da güclənir. İtaliya Azərbaycanın enerji siyasətində açar ölkələrdən biridir. Meloninin səfəri böyük ehtimalla alternativ enerji, xüsusilə “yaşıl enerji” layihələrinin müzakirəsi ilə də əlaqəlidir”.

Politoloq qeyd edib ki, Azərbaycan İtaliya üçün təkcə enerji tərəfdaşı deyil, həm də Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşdır: “İtaliya uzun illər Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olub. O baxımdan, səfərin gündəmində ola biləcək məsələlər infrastruktur layihələri, nəqliyyat dəhlizləri, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi kimi məsələlər ola bilər. İtaliya ənənəvi olaraq daha praqmatik və iqtisadi maraqlara əsaslanan xarici siyasət yürüdür. Cənubi Qafqazda son illər formalaşan yeni reallıq regionda iqtisadi inteqrasiya imkanlarını artırıb, yeni kommunikasiya xətlərini aktuallaşdırıb. İtaliya bu mərhələdə regionda mövcud olmaq, layihələrdə iştirak etmək, geoiqtisadi mövqeyini gücləndirmək istəyir. İtaliya Azərbaycanı artıq yalnız regional deyil, Avropanın enerji və geosiyasi arxitekturasında mühüm oyunçu kimi qiymətləndirir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki