Bank kartları ilə ictimai nəqliyyatda NFC ödənişləri zamanı yaranan gecikmələr son vaxtlar sərnişinlərin narazılığına səbəb olub. Bir çox hallarda gediş haqqı kartdan dərhal silinmir, balansda vəsait qalmış kimi görünür. Nəticədə sərnişin kartında pul olduğunu düşünərək əlavə balans yükləmir. Bir müddət sonra isə əvvəlki gedişlərin ödənişi ardıcıl şəkildə çıxılır və kartda kifayət qədər vəsait olmadıqda balans mənfiyə düşür. Bu da bəzi istifadəçilərin “gediş məhdudlaşdırılıb” problemi ilə üzləşməsinə səbəb olur.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu problem təkcə Azərbaycana aid deyil və beynəlxalq ödəniş sistemlərində də rast gəlinən texniki məsələdir:
“Azərbaycanda hələ məsafəyə görə ödəniş sistemi yoxdur. Xaricdə, xüsusilə Avropa ölkələrində metro və avtobus qiymətləri məsafəyə görə dəyişir. Orada sistem belə işləyir ki, kart vurulanda vəsait əvvəlcə dondurulur, sonra müəyyən müddətdən sonra silinir. Bu NFC terminalları və ödəniş sistemlərində texniki məsələdir. Burada söhbət yerli texnologiyadan getmir ki, deyək Azərbaycanın bankları işi pis görür. Ödənişlər Visa və MasterCard kimi beynəlxalq sistemlər üzərindən həyata keçirilir”.
İqtisadçı qeyd edib ki, vətəndaşlar bu sistemin işləmə prinsipini nəzərə almalıdırlar:
“Vətəndaş bilməlidir ki, vəsait hələ silinməyibsə, bu o demək deyil ki, pulsuz istifadə edib. Sadəcə məbləğ dondurulub və texniki proses davam edir. Burada vətəndaş özü bir qədər diqqətli olmalıdır. Ola bilsin ki, gələcəkdə bu texniki məsələ beynəlxalq səviyyədə daha da təkmilləşdirilsin. Mən özüm də Romada metrodan istifadə edəndə buna bənzər vəziyyətlə qarşılaşmışdım. Üç-dörd gün ödəniş tutulmadı, sonra isə bütün məbləğ birdən çıxıldı. Yəni bu, Azərbaycana məxsus xüsusi problem deyil”.
Mövzu ilə bağlı Referans Media-ya danışan hüquqşünas Rəhim Xoyski isə bildirib ki, məsələ həm texniki, həm də hüquqi tərəfdən qiymətləndirilməlidir. Onun sözlərinə görə, sərnişin nəqliyyat xidmətindən istifadə etdikdə gediş haqqını ödəmək öhdəliyi daşıyır və ödənişin gecikmə ilə çıxılması bu öhdəliyi aradan qaldırmır.
Hüquqşünas vurğulayıb ki, “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanuna əsasən, texniki nasazlıq nəticəsində yaranan problemlərdə ödəniş xidməti təchizatçısı əməliyyatın düzgün qeydə alındığını sübut etməlidir. Əgər gecikmə sistem qüsurundan qaynaqlanır və sərnişinin hüquqları pozulursa, vətəndaş daşıyıcıya qarşı iddia qaldıra bilər.
Rəhim Xoyski əlavə edib ki, balansda vəsait olduğu halda “gediş məhdudlaşdırılıb” xətasının yaranması xidmət qüsuru hesab oluna bilər:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, sərnişinlərə ödənişlərin “offline” rejimdə həyata keçirilməsi və vəsaitin gecikmə ilə çıxılması barədə əvvəlcədən məlumat verilməlidir. Əks halda bu, istehlakçı hüquqlarının pozulması sayılır. Vəsaitin sonradan silinməsi hüquqi baxımdan doğrudur, çünki xidmət istifadə olunub. Amma texniki nasazlıq səbəbindən sərnişinin nəqliyyatdan istifadəsinin məhdudlaşdırılması xidmət qüsuru hesab edilə bilər”.
Gülnaz Abdullazadə
