Taksi sürücülərinin İMTAHANI başlayır – nə dəyişəcək?

Azərbaycanda taksi sürücüləri üçün tətbiq olunan yeni tələblər bu sahənin simasını dəyişməkdə davam edir. Sürücülərin peşə hazırlığının və sərnişinlərlə davranış qaydalarının yoxlanılması məqsədilə növbəti imtahan sentyabrın 17-də keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, taksi minik avtomobili sürücüləri üçün keçiriləcək imtahanda 1516 nəfər iştirak etmək üçün qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda, Naxçıvan şəhərindəki 4 saylı orta məktəbdə, DİM-in Bərdə regional bölməsində və Gəncə şəhərindəki Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə təşkil olunacaq. İmtahanın müddəti 1 saatdır. İştirakçılar imtahanı başa vurduqda və ya ayrılmış vaxt tamamlandıqda nəticələri ilə tanış ola biləcəklər. Nəticələr, həmçinin DİM-in internet səhifəsində yerləşdiriləcək.

Taksi sürücüləri üçün növbəti imtahan – 662 namizəd uğur qazandı

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə əldə edə bilərlər. İmtahana gələn şəxslər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalı, şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlərdə uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmır.
Bəs sürücülərə hansı suallar təqdim olunur?

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplayan şəxslər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunur və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir. Son illərdə isə Bakıda və digər şəhərlərdə taksilərin sayında ciddi azalma müşahidə olunur. Bunun əsas səbəblərindən biri sürücülər və avtomobillər üçün tələblərin sərtləşdirilməsi, eləcə də taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində həyata keçirilən islahatlardır.

Bəs bu dəyişikliklər taksi xidmətinin keyfiyyətinə necə təsir edib?

Referans MEDİA-nın xəbərinə görə, nəqliyyat eksperti Yasin Mustafayev Musavat.com-a açıqlamasında bildirib ki, taksi sahəsində aparılan islahatlar ilk növbədə bu xidmətin sayına ciddi təsir göstərib.
“Əvvəlki statistikaya baxsaq, 70 mindən çox taksi var idi. İndi 30 mindən çox, 40 minə yaxın taksi var. Amma buna qoyulan limit 25 mindir”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, taksilərin sayının kəskin azalması həm sürücülərə, həm nəqliyyat vasitələrinə, həm də avtomobillərin buraxılış ili və təchizatına qoyulan tələblərlə bağlıdır. “İndi taksinin azalmasından danışırıqsa, bunun səbəbi taksiyə qoyulan tələblərdir – həm sürücülərə, həm nəqliyyat vasitələrinə, buraxılış ilinə, təchizatına və sair. Buna görə belə kəskin azalma oldu. Amma say 25 minə qədər də azalacaq”, – Yasin Mustafayev qeyd edib.
Ekspert hesab edir ki, taksilərin sayının azalmasına yalnız xidmətin əlçatanlığı prizmasından yanaşmaq düzgün deyil. Onun fikrincə, iri şəhərlərdə taksi sayının müəyyən həddə saxlanılması nəqliyyat sıxlığının azaldılması baxımından da nəzərə alınmalıdır. “Bizim əsas prioritetimiz yalnız taksinin fəaliyyətini optimallaşdırmaq, onlara şərait yaratmaq və daha yaxşı işləmələrinə imkan vermək deyil. Ümumiyyətlə, meqapolislərdə, böyük şəhərlərdə taksi sayına limit qoyulur. Məsələn, 1000 nəfərə bir taksi, 500 nəfərə bir taksi kimi limitlər müəyyənləşdirilir. Əgər Bakıda 500 nəfərə bir taksi limiti qoyulsa və şəhərdə 3 milyon əhali olsa, təxminən 6000 taksi olmalıdır. Amma bizdə hazırda 40 minə yaxındır, əvvəl isə 70 mindən çox idi. Yəni bu, normadan dəfələrlə çox idi”, – deyə o bildirib.

Yasin Mustafayevin sözlərinə görə, taksilərin sayının azalması paralel olaraq ictimai nəqliyyatın inkişafı ilə müşayiət olunmalıdır.
“Bu baxımdan taksilərin azalmasını təqdir edirik. Təbii ki, bu sahədə fəaliyyət göstərən insanların işləməsi və başqa iş yerlərinə yönləndirilməsi lazımdır. Amma əvəzində xeyli avtobuslar, əlavə iş yerləri yaradılıb. Qeyd etmək istəyirəm ki, taksilərin sayını azaltmaq tıxacın və nəqliyyat sıxlığının azaldılmasına da xidmət edir. Ona görə düşünmək lazım deyil ki, taksi sayının azalması hansısa fəlakətə gətirib çıxaracaq. Əksinə, sıxlığın və tıxacın aradan qaldırılmasına öz töhfəsini verə bilər”, – ekspert vurğulayıb. O hesab edir ki, sərnişinlər daha çox ictimai nəqliyyatdan – avtobus və metrodan istifadə etməlidirlər. Ekspertin sözlərinə görə, son illərdə avtobus parkının yenilənməsi və sayının artırılması istiqamətində də işlər görülüb.
“İnsanlar daha çox ictimai nəqliyyata üz tutmalıdır. Metroda da hazırda yeni xətlərin yaradılması ilə bağlı islahatlar gedir. Avtobusların sayı da son 5-6 ildə demək olar ki, maksimal həddə gətirilib”, – deyə Yasin Mustafayev bildirib.

Ekspertin fikrincə, taksilərin sayının azalması ilə yanaşı, xidmətin keyfiyyətində də müəyyən dəyişikliklər müşahidə olunur. O, müasir tələblərə cavab verən avtomobillərin və sürücülərin davranış qaydalarının bu baxımdan əhəmiyyətli olduğunu düşünür. “Ümumiyyətlə, taksi fəaliyyətinin keyfiyyətinin artırılması gözlənilən idi. Hazırda görürük ki, taksilər daha müasirdir, təchizatları yaxşılaşıb, sürücülər də özlərini daha normal şəkildə idarə edirlər. Əvvəllər belə hallar çox olurdu”, – ekspert deyib.
Yasin Mustafayev taksi sürücüləri üçün keçirilən imtahanların da vacib olduğunu bildirib. Onun sözlərinə görə, test sualları sürücülər üçün əlçatan səviyyədədir və əsas məqsəd onların minimum bilik və davranış standartlarına cavab verməsini təmin etməkdir. “İmtahan mərkəzinə gəldikdə, elə çox çətin suallar da yoxdur. Mənim xəbərim var. Məntiqli və sadə suallardır. Normal insan həmin suallara rahat şəkildə cavab verə bilər. Düşünürəm ki, bu, lazımdır. Çünki insanlar xidmət sahəsində çalışırlarsa, xidmət göstərirlərsə, ən azı minimal dəyərləri bilməlidirlər. Sərnişinlərlə, insanlarla davranış qaydalarından xəbərdar olmalı, avtomobil haqqında və ümumiyyətlə dünyagörüşü baxımından müəyyən təsəvvürləri olmalıdırlar”, – deyə ekspert əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki