Kimlər 30 yaşına qədər əsgərliyə çağırılır? – DİQQƏTÇƏKƏN AÇIQLAMA

Ölkələrdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının müəyyənləşdirilməsi ordunun ehtiyacları, hərbi doktrina və şəxsi heyətin hazırlıq səviyyəsi ilə bağlıdır. Dünyanın bir sıra ölkələrində çağırış yaşı 18-dən başlasa da, bəzi dövlətlərdə bu hədd daha yuxarı müəyyən edilir, digərlərində isə məcburi hərbi xidmət əvəzinə peşəkar ordu modelinə üstünlük verilir.

Bəs əsgərliyə çağırış yaşı hansı amillər əsasında müəyyənləşdirilir və dünya ölkələrində bu sahədə hansı təcrübələr mövcuddur?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müddətli hərbi xidmətə çağırış yaşı ölkələrin qarşısında duran vəzifələrdən və ordunun strukturundan asılı olaraq dəyişir.

Hərbi-ekspert Ədalət Verdiyev həbs edildi Pravda.az

Ekspertin sözlərinə görə, dünyada hərbi xidmətə çağırış yaşı əsasən 18 yaşdan başlayır və bu yanaşma Azərbaycanda da tətbiq olunur. Azərbaycan, Rusiya, İsrail və Belarus kimi ölkələrdə çağırışın aşağı yaş həddi 18 yaş müəyyən edilib. Bununla yanaşı, bəzi dövlətlərdə bu yaş həddi daha yüksəkdir.

Ədalət Verdiyev qeyd edib ki, Türkiyə və Tailand kimi ölkələrdə çağırış yaşının 21 yaşadək yüksəldilməsi təcrübəsinə rast gəlinir. O, bu yanaşmanı məqsədəuyğun hesab etmir.

“Orta məktəbi bitirən, universitetdə təhsil almayan bir gənc hərbi xidmətə getmək üçün iki-üç il gözləməli olur. Bu isə onun karyerasına, müəyyən ixtisas və peşə qazanmasına, müvafiq sənəd əldə etməsinə sərf edə biləcəyi vaxtın itirilməsi ilə nəticələnir”, – deyə ekspert vurğulayıb.

Hərbi ekspertin sözlərinə görə, bəzi ölkələrdə isə məcburi çağırış sistemi mövcud deyil. Məsələn, Böyük Britaniya və ABŞ peşəkar ordu modelinə üstünlük verirlər. Bununla belə, həmin ölkələrdə müəyyən yaşdan etibarən könüllü şəkildə hərbi xidmətə yazılmaq imkanları mövcuddur.

Verdiyev bəzi dövlətlərdə daha erkən yaşlarda hərbi xidmətə cəlbetmə hallarının da müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, Şimali Koreyada 16 yaşından etibarən şəxslərin orduya cəlb olunması təcrübəsi mövcuddur.

Ekspert çağırışın yuxarı yaş həddinin də ölkələr üzrə fərqləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışın yuxarı yaş həddi 30 yaşdır. Türkiyədə bu hədd daha yüksək, Rusiyada isə 27 yaş olaraq göstərilir. Ukraynada isə çağırışın yuxarı yaş həddi daha aşağı müəyyənləşdirilib.

Ədalət Verdiyev hesab edir ki, hərbi xidmətə çağırış yaşının müəyyənləşdirilməsi zamanı bir sıra mühüm amillər nəzərə alınır. Bunlara ordunun qarşısında duran vəzifələr, hərbi doktrina, tələb olunan şəxsi heyətin sayı, eləcə də gənclərin fizioloji, mənəvi və psixoloji hazırlıq səviyyəsi daxildir.

Beləliklə, hərbi xidmətə çağırış yaşının müəyyənləşdirilməsi yalnız yaş meyarı ilə məhdudlaşmır. Bu qərarlarda dövlətin müdafiə ehtiyacları, ordunun komplektləşdirilməsi prinsipləri və hərbi xidmətə yararlı şəxslərin hazırlıq səviyyəsi də mühüm rol oynayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki