Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının bu ölkənin ərazisinə keçməsi ilə bağlı məlumatı təsdiqləyib.
Referans Media xəbər verir ki, oktyabrın 21-də günorta saatlarında erməni mediada azərbaycanlı çobanın Tavuş vilayəti istiqamətindən Ermənistan ərazisinə keçməsi barədə məlumat yayılmışdı. Lakin həmin vaxt bu xəbər rəsmi şəkildə təsdiqlənməmişdi.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu gün yaydığı məlumata görə, 2026-cı il oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycan vətəndaşı aşkarlanıb.
“1968-ci il təvəllüdlü, Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov saxlanılıb. Aparılan yoxlama tədbirləri nəticəsində onun yolu azdığı üçün Ermənistan ərazisinə keşdiyi müəyyən edilib”, – deyə qurumun məlumatında bildirilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının vətənə qaytarılması məqsədilə müvafiq tədbirlərin görüldüyünü də qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan hərbçisi Nəsimi Musayev də naməlum şəraitdə Ermanistan ərazisinə keçmişdi. O, hazırda İrəvanda saxlanılır və haqqında cinayət işi açılıb./nocomment.az/
