Bakıda hazırda mövcud olan və gələcəkdə yeni tikiləcək çoxmərtəbəli binalarda kombi quraşdırmaq qadağandır.
Bunu Energetika Nazirliyinin elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.
O bildirib ki, istilikdən nə qədər səmərəli istifadə olunarsa, təbii ki, bu, karbon emissiyalarına, enerji resurslarına qənaət edilməsinə, əhalinin rifah səviyyəsinə və ölkənin ixrac potensialının artırılmaısna müsbət təsir göstərir.
Onun fikrincə, istilik təchizatı məsələsinin iqtisadi əhəmiyyəti də nəzərə alınmalıdır.
Ələsgər Həsənov xatırladıb ki, Prezident İlham Əliyev 2022-ci ildə “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb:
“Sənəd ümumilikdə ölkədə istilik təchizatı sektorunun inkişafını və əsas istilik enerjisi istehsalçısı olan “Azəristiliktəchizat”ın fəaliyyətinin gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda Nazirlər Kabinetinə “İstilik təchizatı haqqında” yeni qanunun hazırlanması, qəbulu və Energetika Nazirliyinə istilik təchizatı sektorunda islahatlar və bu sahənin inkişafı perespektivləri ilə bağlı təkliflər hazırlamaq tapşırılmışdı. 2025-ci ildə “İstilik təchizatı haqqında” yeni qanun qəbul olundu”.
Şöbə müdiri vurğulayıb ki, artıq yeni tikilən çoxmənzilli yaşayış binalarının vahid istilik mənbəyindən istilik enerjisi alması nəzərdə tutulub:
“Yəni qeyd etdiyimiz kateqoriyadan olan binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin olması məcburidir. Bundan sonra tikiləcək binalarda mərkəzi istilik sistemi mütləq olmalıdır. Bu tələbdir”.
Ə.Həsənov bildirib ki, Nazirlər Kabineti istisna halları təsdiqləyəcək, amma çox da geniş olmayacaq:
“Burada bərpaolunan enerji mənbələrindən istifadə, təbii qazın olmadığı hallar və mərtəbə-kvadratmetrindən asılı olaraq, nisbətən kiçik binalar nəzərdə tutulur. Amma bu gün Bakıda mövcud olan çoxmərtəbəli və çoxmənzilli binalar artıq mərkəzi istilik sisteminə qoşulmalı olacaq”.
Nazirlik rəsmisi ölkədəki qazanxanaların durumundan da danışıb:
“Hazırda qazanxaların əksəriyyəti Sovet dövründə tikilib. Yeni qazanxanalarla müqayisədə onların enerji istehlakı və idarəetmə xərcləri həddindən çoxdur. Ona görə də iki ilə yaxın müddətdə 12 qazanxanada moderləşdirmə tədbirləri həyata keçirmişik. Həmin qazanxanalar yeni və müasirləri ilə əvəzlənib. Nəticədə onların idarəetmə xərcləri azalıb, təbii qaza ciddi formada qənaət edirlər, keyfiyyətli xidmət göstərirlər.
Amma bunlar kifayət deyil. Hazırda dünyada generasiya sistemləri tətbiq olunur. Onlar həm elektrik enerjisi, həm istilik enerjisi, həm də isti su istehsal edir. Bunlar bütün göstəricilərinə görə çox faydalı sistemlərdir. Bizim xəstəxalarda istifadə olunur və yaxşı nəticələrə gətirib çıxarır. Biz bunu təşviq edirik”.
Qeyd edək ki, hazırda köhnə tikili binalarda “Azəristiliktəchizat” ASC 2025–2026-cı illərdə istilik mövsümündə Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana istismar etməklə 3 800 yaşayış binasını, təxminən 176 min 500 mənzili, 274 məktəbi, 159 uşaq bağçası, 141 səhiyyə obyekti, 2 800-dən artıq sosial və digər təsərrüfat obyektini istilik enerjisi ilə təmin edib.
Bununla yanaşı bir sıra köhnə tikili binalarda istiliyin verilməsində problemlər də özünü göstərir. Belə ki, binaların müəyyən mərtəbəsindəki mənzillər ancaq bu istilikdən yararlana biulir. Yeni tikili binalarda isə əsasən əsasən kombi sistemidir.
Yeni qaydanın tətbiqi əhali üçün nə dərəcədə səmərəli olcağı maraq doğurur. Bir məqamda ondan ibarətdir ki, dövlət mövsümlə bağlı istilik verilişinə gec başlayır və tez dayandırır.
Bu proses necə tənzimlənəcək? Yeni qaydanın tətbiqi əhali üçün problemlərə gətirib çıxaracaqmı?Yeni qayda ilə bağlı enerji qiymətlərində dəyişiklik edilməsə, bu yeni binalara marağı azaldacaqmı?
Referans Media xəbər verir ki, məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, müstəqillik illərində Bakı şəhərində Sovetlər dönəmində və müstəqilliyin ilk illərində tikilmiş binalarda mövcud olmuş istilik sistemlərinin demək olar ki, böyük əksəriyyəti sıradan çıxdı:
“Hazırda Bakıda mənzillərin təxminən 20 %-ə qədəri mərkəzləşdirilmiş qaydada, qalan 80 % mənzillər isə vətəndaşlar tərəfindən quraşdırılmış kombilər vasitəsilə isidilir. Mərkəzləşdirilmiş istilik sistemininin bu vəziyyətdə düşməsində günahkar kimdir və ya kimlərdir?
Ən azından sovetlər dönəmində və müstəqilliyin ilk illərində tikilmiş binalarda mərkəzləşdirilmiş istilik sistemlərini qoruyub saxlamaq mümkün idi. Lakin vaxtılə Bakı şəhərinə rəhbərlik etmiş şəxslər bu sahəni tam diqqətdən kənarda saxladılar. Nəticə ortadadır. İndi Energetika Nazirliyi Bakı şəhərində çoxmərtəbəli binalarda kombilərin quraşdırılmasını qadağan etmək istəyir.
Onda sual olunur: o halda bu binalarda insanlar mənzillərinin istiliyini necə təmin etməlidilər? Bu gün Bakıda və digər şəhərlərdə tikilən yeni binaların idarəçiliyindəki mövcud biyabırçılıqlar, binanı tikmiş MTK rəhbərlərinin heç bir hədağaya sığmayan özbaşınalıqları şəraitində, evlərin isitmə sistemini yeni qaydalara keçirtmək çox ciddi nəticələrə gətirib çıxara bilər.
Yəqin düşünülür ki, MTK-lar hər bina üçün mərkəzləşdirilmiş istilik sistemi yaratmalıdılar. Lakin onlar bunu yaradacaqlarmı? Bax bu əsas sualdır”.
Onun sözlərinə görə, bu gün yeni tikilmiş çoxmərtəbəli binaların istismarı sahəsində MTK rəhbərlərinin və sahibkarların sərgilədikləri “qaydasız döyüşdə” olduğundan da qaydasız olan idarəçilik üsulları insanları hiddətləndirir:
“Satılan mənzillərin ölçülərində onların etdikləri oğurluqlar (mənzillərin ölçülərini əsassız olaraq 15-20 % şişirtmək), binaların altındakı qaraj yerlərini əvvəlcə normal qiymətlə icarəyə verib, sonradan icarə haqqını hər 3-5 aydan bir qaldırmaq və sonda isə insanları həmin qaraj yerlərini pulla almağa məcbur etmələk kimi qudurğan davranışlara sahib bu özbaşınalar sizcə tikdikləri binalarda mənzillərin isidilməsinin mərkəzləşdirilmiş sistemini yaradacaqlarmı? Qətiyyən yox!
Onlar bunu yaradarlarsa belə, veriləcək istilik üçün soyğunçu qiymətlər müəyyən edəcəklər ki, bu da insanların narazılığına səbəb olacaqdır. Bütün bu dediklərimizin fonunda nə etmək lazımdır?
İlk növbədə ölkədə özəl binaların idarə olunmasıının dəqiq qaydaları və xidmət qiymətlərinin ölçüləri müəyyən edilməlidir. Yəni bu sahədə bu gün mövcud olan anarxiyaya hökumət əncam qılmalıdır.
Ondan sonra çoxmərtəbəli binalarda kombilərin qoyulması dayandırıla bilər, müəyyən olunacaq qaydalar və qiymətlər çərçivəsində isə mərkəzləşdirilmiş istilik sisteminin yaradıla bilər”.
Bu istiqamətdə yaranmış suallara cavab olaraq Natiq Cəfərli isə bildirib ki, belə bir qərar qaza qənaət və təhlükəsizlik üçün verilib:
“Ancaq belə bir qərar alan hökumət elektrik enerjisinin qiymətinə də ən azından yarıbayarı endirim etməlidir. Vətəndaş ancaq elektrik enerjisindən istifadə edərək evini, suyunu qızdıracaqsa, yaxud mətbəxdə qazın əvəzinə elektrik enerjisindən istifadə etməli olacaqsa, bu istiqamətdə addımlar atılmalıdır. Hətta Sovet dövründə belə evlərdə ciddi güzəştlər vardı.
Əgər indi ölkədə belə bir qərar alınıbsa, həmin binalarda ən azından ikiqat güzəşt olmalıdır. Bir binada üç otaqlı evdə hər şey elektrik enerjisi ilə olsa, vətəndaş ayda 250 manat ödəməli olacaq ki, bu da çox böyük vəsaitdir.
Bu həm yeni tikililərə marağı azalda bilər. Ümumiyyətlə, yeni tikililərin özündə problem yaşana bilər. Çünki elektrik enerjisinin bu qədər baha olması vətəndaşların cibinə uyğun olmayacaq”.






















