Ermənistanın təhlükəsizlik siyasətində mümkün dəyişikliklər və regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda KTMT ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Baş nazir Nikol Paşinyanın açıqlamaları İrəvanın gələcək təhlükəsizlik kursu ilə bağlı müxtəlif suallar doğurur.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, əslində Paşinyanın həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-ndan çıxmaq, həm də Ermənistan sərhədlərindən Rusiya hərbçilərinin çıxarılması məsələsində aydın mövqeyi var:
“Burada qeyri-müəyyən bir şey yoxdur və Paşinyan hər iki məsələ ilə əlaqədar Ermənistanın dövlət strategiyasını açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, KTMT ölkənin təhlükəsizliyinə tam cavab verən sistem deyil. Eyni zamanda Paşinyan açıq şəkildə bildirib ki, ölkənin sərhədlərinin mühafizəsi dövlətin öz sərhəd xidmətinin funksiyalarına daxil edilməlidir və bu istiqamətdə artıq müəyyən addımlar atılıb.
Paşinyanın konkret olaraq nə zaman KTMT-dən çıxacağı ilə bağlı açıq fikir səsləndirilməsə də, müəyyən konkretlik var. Belə ki, o, ölkənin daha üstün təhlükəsizlik sistemi əldə edəcəyi halda KTMT-dən çıxacağını bildirib. Bu isə istiqamətin aydın olduğunu göstərir.
Ehtimal etmək olar ki, parlament seçkilərindən sonra Paşinyan həm KTMT-dən çıxmaq, həm də Rusiya qoşunlarının sərhədlərdən çıxarılması istiqamətində konkret addımlar ata bilər. Təbii ki, bu, Rusiyanın ciddi müqavimətinə səbəb olacaq. Seçkilərdə Paşinyanın qalib gəlməsi bu proseslərə birbaşa təsir edəcək.
Əgər Paşinyan planlarına uyğun şəkildə seçkilərdə qalib gələrsə və Ermənistan KTMT-yə alternativ təhlükəsizlik sisteminə qoşularsa, bu, regionda tamamilə yeni vəziyyət yaradacaq. Ermənistanın həm KTMT-dən çıxması, həm də Qərbin təhlükəsizlik strukturları ilə yaxınlaşması Azərbaycanın da xarici siyasətində müəyyən korrektələr etməsini zəruri edə bilər.
Eyni zamanda, əgər Ermənistan sülh sazişi imzalanmadan əvvəl KTMT-dən çıxaraq alternativ təhlükəsizlik sisteminə daxil olarsa, bu, Azərbaycan-Ermənistan sülh prosesinə də təsir göstərə bilər. Parlament seçkilərindən əvvəl sülh sazişi imzalansa, prosesin daha stabil davam edəcəyi gözlənilir. Əks halda, seçkilərdən sonra KTMT ilə bağlı sərt addımlar sülh sazişinin müəyyən müddətə uzanmasına səbəb ola bilər. Bu isə regionda geosiyasi balansın köklü şəkildə dəyişməsi deməkdir”.
Gülnaz Abdullazadə























