Təxminən 25 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin Azərbaycanda qeyri-qanuni yollarla on milyonlarla manat dəyərində əmlaka sahib olduğuna dair mediada, sosial şəbəkələrdə gedən iddialar artıq rəsmi ittihamlarda da öz əksini tapmaqdadır.
Referans.az xəbər verir ki, Mehdiyevin ittiham olunduğu maddələrdən biri də 193-1-ci maddədir.
Bu maddə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında günahkar bilinən şəxslərə qarşı irəli sürülür.
193-1 maddə üzrə ittihamdan görünür ki, R.Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda əmlaka sahib olub.
Rəsmi sənədlərə və qeyri-rəsmi məlumatlara əsasən, əldə edilən əmlaklar hazırda onun ailə üzvləri tərəfindən idarə olunur. Mənimsənilən əmlakların bir hissəsi maliyyə vəsaiti şəklində olduğundan həmin vəsaitlər sonradan müxtəlif biznes sahələrinə yönəldilib, onların hesabına böyük istehsal, xidmət müəssisələri yaradılıb.
Korrupsiya, hədə-qorxu yolu ilə milyonlar qazanan R.Mehdiyevin qurduğu biznesin də oxşar prinsiplərlə fəaliyyət göstərdiyi bəllidir. Vaxtilə özünün fəaliyyəti Azərbaycan üçün təhlükə yaradırdısa, hazırda onun ailə üzvlərinin sahib olduğu biznes qurumları ölkəmiz üçün bəzi risklər yaradır. Bu riskləri informasiya təhlükəsizliyi, əhalinin sağlamlığı, qeyri-qanuni yolla əldə edilən maliyyə vəsaitlərinin mənimsənilməsi, leqallaşdırılması kimi fəaliyyətlər formalaşdırır.
Əvvəllər dövlətə məxsus olan “Şərq-Qərb” nəşriyyatı hazırda R.Mehdiyevin ailəsinin nəzarətindədir. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən “Şərq-Qərb” ASC-nin tərkibində “Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC var.
Ailənin “İnfonet” MMC və “Caspian Telekom” MMC adlı şirkətləri də mövcuddur. “Caspian Telecom” MMC Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərir. “Ailə TV” ticarət nişanı bu şirkətə məxsusdur. Şirkət 1997-ci ildə təsis olunub.
Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir. “Ailə NET” internet xidmətindən Bakı şəhəri ilə yanaşı, Xırdalan və Gəncə şəhərlərinin sakinləri də istifadə edir. “Caspian Telekom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə xidmətləri də göstərir.
R.Mehdiyevin ailəsi tibb xidməti sahəsi üzrə də biznes fəaliyyətinə sahibdir. Əvvəllər “Astoriya Tibb Mərkəzi” MMC adı ilə fəaliyyət göstərən şirkət hazırda “German Hospital” adı ilə fəaliyyət göstərir.
Bundan başqa ailə dərman biznesi ilə də məşğul olur. “Qrandezza” MMC Azərbaycana müxtəlif ölkələrdən dərman vasitələrinin idxalı ilə məşğuldur.
R.Mehdiyev maliyyə sektorunda aktiv “oyunçu”dur. Onun gəlini Nigar Mehdiyevanın “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75 faizinin sahibidir. Başqa sözlə, bank kapitalının 37 milyon manatdan çoxu onundur. Bank ”BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.
Rusiyaya yaxınlığı ilə bilinən R.Mehdiyevin mühüm sahələrdə biznes fəaliyyəti ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir, əhalinin sağlamlığı üçün təhlükədir. Eləcə də ailənin kommersiya bankına sahib olması bank sektorunun nüfuzuna, onun etibarına böyük ləkədir.






















