Bakı metrosunda illərdir gözlənilən dəyişiklik artıq başlayıb. Bu gündən etibarən “28 May”–“Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. “Yaşıl” və “Qırmızı” xətlərin ayrılması məqsədilə həyata keçirilən layihə çərçivəsində yeni tunellərin inşası nəzərdə tutulur və işlərin təxminən 11 ay davam edəcəyi planlaşdırılır.
Layihənin əsas hədəflərindən biri metroda sərnişin axınının daha düzgün tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və gələcəkdə xətlərin daha müstəqil fəaliyyət göstərməsidir.
Bəs xətlərin ayrılması Bakı metrosunda sərnişin sıxlığını real olaraq azalda biləcəkmi? Bakı metrosunda əsas problem xətlərin bir-birindən asılı işləməsidir, yoxsa stansiyaların və qatarların sayının sərnişin tələbatına nisbətən az olmasıdır?
Referans Media bildirir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Musavat.com-a danışıb. Ekspert bildirib ki, indiyədək metropolitendə intervalın aşağı salınmasına əsas maneələrdən biri qatarların “28 May” stansiyasında müxtəlif istiqamətlərə bölünməsi olub..
"Bakı Metropolitenindən istifadə edən hər kəs bilir: “Həzi Aslanov” istiqamətindən gələn qatarlar “28 May” stansiyasında bölünürdü. Biri “İçərişəhər”ə, digəri isə “Dərnəgül”ə gedirdi. Bu səbəbdən intervalı aşağı salmaq fiziki olaraq mümkün deyildi. “İçərişəhər”ə gedən qatar oradan dönüb geri qayıdır, gəlib “28 May”da yenidən “Dərnəgül”dən gələn qatarla eyni yola çıxırdı. Ona görə də onlar bir-birini gözləmək məcburiyyətində qalırdılar".
Yasin Mustafayevin sözlərinə görə, xətlərin ayrılmasından sonra hər bir xətt müstəqil fəaliyyət göstərəcək və qatarların hərəkət intervalını sərnişin tələbatına uyğun şəkildə azaltmaq mümkün olacaq:
"Həmin plana nəzər salanda görürük ki, bu xətlərdən bəziləri, məsələn, “yaşıl xətt” dairəvi olacaq. Yəni “yaşıl xətt” hazırda “Xətai”də dayanır və “Xətai”dən davam edərək “Həzi Aslanov”da keçid stansiyası yaradacaq, “Qara Qarayev”dən və digər stansiyalardan keçərək, “Koroğlu” metrosundan keçib gəlib yenidən “Dərnəgül”də öz yaşıl xəttinə birləşəcək və dairəvi hal alacaq.
Dairəvi xətt sərnişindaşımada, ümumiyyətlə, nəqliyyat baxımından çox effektivdir. Çünki nəqliyyat vasitəsi dayanmadan hərəkət edir və eyni zamanda biz getmək istədiyimiz stansiyaya həm irəliyə, həm də geriyə doğru gedə bilirik. Bu da sıxlığın azaldılmasına böyük effekt verir. Məsələn, baxırıq ki, irəliyə doğru çox sıxlıq var, biz geriyə doğru hərəkət edən qatara minərək gedə bilirik. Bu da təbii ki, xətlərin ayrılması ilə baş verəcək. Yəni xətlər ayrı-ayrılıqda işləyərkən bu imkan yaranacaq.
Sıxlığın tam aradan qaldırıla bilməməsində əsas səbəb intervalı aşağı sala bilməməyimizdir. İndi xətlər ayrıldıqdan sonra interval aşağı salınacaq".
Ekspert sərnişindaşıma imkanlarının artırılması üçün digər təkliflərin də olduğunu bildirib. Onun sözlərinə görə, hazırda stansiyalara 5 vaqon yerləşdiyi halda, gələcəkdə qatarların 6 vaqondan ibarət olması imkanına baxılır:
"Hazırda bizdə stansiyalara 5 vaqon yerləşir. Bunu 6 vaqona qədər artırmaq, yəni bir vaqon da əlavə edərək 6 vaqon etmək imkanımız olacaq. Bu zaman vaqonların yarısı, daha doğrusu, birinci və sonuncu vaqonun yarısı stansiyanın daxilində qalacaq və həmin vaqonların stansiya daxilində olan qapıları açılacaq.
Yəni belə bir planlama da var. Belə olsa, təxminən 20 faiz də oradan artım gözlənilir, intervalın optimallaşdırılması hesabına isə təxminən 40-50 faiz əlavə artım əldə etmək mümkün olacaq. Yəni pik vaxtlarda düşünürəm ki, təxminən 100 faiz əlavə sərnişin daşımaq mümkün olacaq.
Bu da qarşıya qoyulan plana, bizim planımıza uyğundur və biz buna getmək məcburiyyətindəyik. Ona görə də 10-11 ay çalışırıq ki, əziyyət çəksək də, son nəticəyə gedib çataq".
Onu da xatırladaq ki, hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marșrut fəaliyyət göstərir.
