Azərbaycan sığorta sektorunda ödənişlərin 38,4 faiz artması müsbət tendensiya kimi qiymətləndirilsə də, yığımların cəmi 2,1 faiz yüksəlməsi bu sahədə etimad və maarifləndirmə problemlərinin hələ də aktuallığını qoruduğunu göstərir.
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ödənişlərin 38,4% artması əslində müsbət hadisədir. Onun sözlərinə görə, bir çox hallarda sığorta şirkətləri öz öhdəliklərinə əməl edərkən müxtəlif hüquqi məsələləri əsas gətirərək bu öhdəliklərin yerinə yetirilməsində o qədər də maraqlı olmurlar. Qeyd olunan rəqəmlər isə sığorta sektorunda vətəndaşlar qarşısında götürülmüş öhdəliklərin icrası istiqamətində ciddi irəliləyişlərin olduğunu göstərir.
V.Oruc qeyd edib ki, yığımların 2,1% artımı bu istiqamətdə etimadın hələ də yüksək səviyyədə olmadığını göstərir. Onun fikrincə, vətəndaşların böyük əksəriyyəti sözügedən sığorta növünə o qədər də maraqlı yanaşmır. Bu isə həm maarifləndirmə işlərinin düzgün aparılmaması, həm də sığorta sektoruna etimadın istənilən səviyyədə olmaması ilə bağlıdır.
Cəmiyyət sədri vurğulayıb ki, ölkədə sığorta bir çox hallarda formal xarakter daşıyır və məsuliyyət yalnız sığorta şirkətlərinin üzərində deyil. Onun sözlərinə görə, Azərbaycanda sığorta sisteminin dayanıqlı və inkişaf etmiş səviyyədə qurulmasına, eləcə də yenidən təşkilinə ehtiyac var və bu istiqamətdə yanaşmalar dəyişdirilməlidir. Etimadın möhkəmləndirilməsi üçün qanunvericilikdə də müəyyən dəyişikliklərin edilməsi zəruridir.
O bildirib ki, məsələn, icbari sığorta zamanı daşınmaz əmlak növlərinə, mənzillərə standart olaraq eyni – məsələn, 50 manat – yığım məbləğinin müəyyən edilməsi və sığorta hadisəsi baş verdikdə eyni məbləğin təqdim olunması düzgün yanaşma deyil. Onun fikrincə, Avropa dövlətlərinin və ABŞ-ın sığorta sistemindən ciddi şəkildə nümunə götürülməsinə ehtiyac var.
V.Oruc hesab edir ki, istər daşınar, istərsə də daşınmaz əmlak üzrə yığım məbləği əmlakın real dəyərinə uyğun müəyyən edilməlidir. Çünki vətəndaşlar minimal məbləği ödəməyə daha həvəsli olsalar da, real sığorta hadisəsi ilə üzləşdikdə aldıqları sığorta ödənişinin onlara ciddi yardım etmədiyini görürlər. Bu isə yenidən etimadsızlıq yaradır.
Onun sözlərinə görə, məsələn, 300-400 min manat dəyərində evi olan şəxsin həmin mənzili 50 manata sığortalaması yalnız formal sığortalanmadır. Hadisə zamanı 15-20-25 min manat həcmində ilkin ödənişin təmin edilməsi də burada ciddi sığortadan deyil, formal yanaşmadan söhbət getdiyini göstərir.
Cəmiyyət sədri əlavə edib ki, həyatın yaşam sığortası ilə bağlı həm ciddi təkliflər hazırlanmalı, həm də müvafiq qanunvericilikdə və yanaşmalarda dəyişikliklər edilməlidir. Eyni zamanda, maarifləndirmə işləri gücləndirilməli, sığortanın vətəndaşın həyatı üçün əhəmiyyəti daha aydın şəkildə izah olunmalıdır.
V.Oruc vurğulayıb ki, ödənişlərin 38,4% artması müsbət haldır. Lakin 2,1% artımı, xüsusilə inflyasiya, qiymət artımı və bahalaşma tendensiyası fonunda nəzərə aldıqda, bu rəqəmlər sığorta sisteminin hələ də gözlənilən effektiv inkişaf mərhələsində olmadığını göstərir.
Gülnaz Abdullazadə























