Azərbaycanda toy və yas mərasimlərində çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılması ilə bağlı Ali Məhkəmənin yeni Plenum qərarı cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qərar şəxsi toxunulmazlığın qorunmasını prioritet kimi təqdim etsə də, məsələ ictimai münasibətlər, sosial media davranışları və dövlətin tənzimləyici rolu baxımından da diqqət çəkir.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, yeni tənzimləyici normalara həm şəxsi həyat və yaşayış dəyərlərinin qorunması, həm də sosial şəbəkələrdə yeni davranış çərçivəsinin müəyyən edilməsi kimi yanaşmaq olar. Onun sözlərinə görə, hər iki istiqamət əhəmiyyətlidir.
Politoloq qeyd edib ki, sosial şəbəkələr geniş fəaliyyət meydanıdır və burada başqalarının hüquq və azadlıqlarına, həyat dəyərlərinə lazımi hörmət göstərilmədikdə insanlar özlərini hədsiz sərbəst hiss edir, bu isə vətəndaş həmrəyliyinə təhlükə yaradır. Nəticədə dövlət-cəmiyyət münasibətləri zərər görə bilər.
Ekspert vurğulayıb ki, vətəndaşların sosial şəbəkələrdə davranış və fəaliyyətinin müəyyən çərçivəyə, ən azı etik çərçivəyə salınması zəruridir. Qəbul olunmuş qərara iki tərəfli qiymət vermək olar: bu addım həm sosial şəbəkələrdə yeni davranış çərçivəsi yaradır, həm də insanların şəxsi həyat dəyərlərini qoruyur.
Onun fikrincə, əgər şəxsi həyatda baş verən hadisə ictimai məzmun daşımırsa, dövlət siyasəti və ya cəmiyyətin baxışlarının formalaşması baxımından hər hansı funksiyası yoxdursa, onun ictimailəşdirilməsi doğru deyil. Kiminsə övladına toy etməsi və ya yas mərasimi təşkil etməsi həmin şəxslərin razılığı olmadan fraqmentlər şəklində yayılmamalıdır.
Politoloq əlavə edib ki, hər hansı dəbdəbəli mərasimin korrupsiya və ya cinayət yolu ilə əldə edilmiş vəsait hesabına keçirildiyi iddia olunursa, bunun üçün konkret hüquq pozuntularının araşdırılması və ifşa edilməsi kifayətdir. Şəxsi və ailə həyatının detallı şəkildə tirajlanmasına ehtiyac yoxdur.
Qeyd olunub ki, şəxsi və ailə həyatına aid məsələlərin qanun çərçivəsində qorunması mühüm əhəmiyyət daşıyır. Belə çərçivənin yaradılması sosial şəbəkələrdə müəyyən özünüsenzura mexanizminin formalaşmasına səbəb olacaq və insanların daha məsuliyyətli davranmasına xidmət edəcək.
Sonda bildirilib ki, yeni tətbiq olunan normativlərin praktikada daha çox müsbət nəticələr verəcəyi gözlənilir.
Gülnaz Abdullazadə.























