Yay mövsümünün gəlməsi ilə qarpız, yemiş və digər sulu meyvələr bazarlarda geniş yer almağa başlayıb. Bu meyvələr orqanizmə faydalı olsa da, onların düzgün seçilməməsi və həddindən artıq qəbulu sağlamlıq üçün risklər yarada bilər.
Qida üzrə ekspert Fərid Səfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, yay meyvələri – qarpız, yemiş, ərik, gavalı, alça, əncir və üzüm həm tərkibi, həm də dadı baxımından yay aylarında orqanizm üçün faydalıdır.
Onun sözlərinə görə, qarpız və yemiş əsasən iyul və avqust aylarında yetişir:
“Tərkibində su çox olduğu üçün susuzluğu aradan qaldırır, isti havalarda bədəni sərinlədir. Lakin şəkərin yüksək olması bu meyvələrin normadan artıq istifadəsini riskli edir. Diabet və piylənmə riski olan şəxslər bu xüsusda diqqətli olmalıdır” – deyə o, bildirib.
Ekspert qeyd edib ki, bəzi hallarda meyvələrin mövsümündən əvvəl bazara çıxarılması üçün kimyəvi maddələrdən istifadə olunur:
“Tərkibində kimyəvi maddələr olan məhsullar olduqca təhlükəli və risklidir. Eyniylə bu aylarda satışa çıxarılan qarpız və yemişlərdə də bu maddələrdən istifadə edilir. Bu isə xüsusilə zəhərlənmə halları ilə nəticələnə bilər”, – deyə ekspert xəbərdarlıq edib.
Fərid Səfərov əlavə edib ki, qarpız seçərkən qabığının tünd yaşıl olması və üzərindəki zolaqların aydın görünməsi tövsiyə olunur:
“Yumşalmış, əzilmiş, solğun rəngli meyvələrdən uzaq durmaq lazımdır. Kəsilmiş qarpız soyuducuda saxlanmalı, lakin uzun müddət gözlədilməməlidir. Əgər meyvənin iyi dəyişibsə, tumları yerindən çıxıbsa və ya səthi yumşalıbsa, onun istifadəsi tövsiyə olunmur”, – deyə o, bildirib.
Fərid Səfərov qeyd edib ki, sağlam qarpızın tərkibində özünəməxsus şirin iy, tünd qırmızı rəng və dolğun dad olmalıdır. Bu meyvələrin xarici görünüşü, qoxusu və dadı onların təbii və təhlükəsiz olub-olmadığını göstərir.
Ekspert vətəndaşlara yalnız mövsümündə yetişmiş, təbii və meyvələrə üstünlük verməyi tövsiyə edir.