Türkiyənin “Show TV” kanalında yayımlanan və böyük büdcəsi ilə diqqət çəkən “Delikanlı” serialı gözlənilən reytinqi toplaya bilmədiyi üçün erkən final qərarı ilə üz-üzə qalıb.
Referans Media xəbər verir ki, Baş rollarında Mert Ramazan Demir, Melis Sezen, Salih Bademci və Mina Demirtaşın yer aldığı serial 7-ci bölümdə ekranlara vida edəcək.
"OGM Pictures" imzalı layihənin prodüseri Onur Güvenatam olub. Mövsümün ən iddialı ekran işlərindən biri hesab edilən “Delikanlı”nın büdcəsinin təxminən 32 milyon TL olduğu bildirilir.
Güclü aktyor heyəti və böyük reklam kampaniyasına baxmayaraq, serial reytinqlərdə gözlənilən uğuru əldə edə bilməyib. Bu səbəbdən kanal rəhbərliyi erkən final qərarı verib.
Məlumata görə, serialda rejissor dəyişikliyi də yaşanıb. İlk bölümlərin rejissoru olan Zeynep Günay 5-ci bölümdən sonra layihədən ayrılıb.
Ssenarisi Aybike Ertürk tərəfindən qələmə alınan serialın çəkilişləri isə hazırda davam edir. Komandanın hazırda 6-cı bölüm üzərində işlədiyi bildirilir.
Qısa müddətdə final qərarının verilməsi Türkiyə televiziya sektorunda da geniş müzakirələrə səbəb olub. Xüsusilə milyonlarla lirə xərclənən layihənin cəmi 7 bölümdə bitməsi diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.
