Mütəxəssisdən H3N2 xəbərdarlığı: Bu tarixlərə diqqət – kəskin artım ola bilər

Ofislərdə, məktəblərdə, evlərdə demək olar ki, hamı xəstədir. H3N2 virusu sürətlə yayılarkən, mütəxəssis konkret tarix göstərərək xəbərdarlıq edib. Yeni epidemiya dalğası qapıdadır.

Referans Media xəbər verir ki, son dövrlər yayılmağa başlayan H3N2 qripi diqqət mərkəzinə düşüb. Mütəxəssislər mümkün yeni epidemiya dalğasına qarşı çağırış edirlər. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya üzrə mütəxəssis, dosent doktor Ahmet Rıza Şahin bildirib ki, koronaviruslar hər 4 ildən bir epidemiya yaradır: “2026-cı ilin mart ayına yaxınlaşdıqca mutasiyaya uğramış influenza və insana uyğunlaşmış koronavirusların tipik epidemiya dövrünə daxil oluruq. İnsanları diqqətli olmağa çağırıram.”

H3N2 Türkiyədə də yayılmağa başlayıb

Əvvəlcə Avstraliyada müşahidə olunan, daha sonra İngiltərə və İspaniyada xəstəxanaların dolmasına səbəb olan H3N2 qrip dalğası artıq ölkəmizdə də qeydə alınır. Bir çox xəstə xəstəxanalara müraciət edərək müalicə almağa başlayıb. Mütəxəssislər bildirir ki, influenza virusları hər 4 ildən bir dəyişir: 4 il əvvəl bu proses “koronavirus”, bu il isə “H3N2 qrip dalğası” kimi özünü göstərir. Dünya üzrə həyəcan siqnalı verən mutasiyaya uğramış H3N2 virusu qitələrarası sürətlə yayılaraq qlobal qrip balansını pozub.

“Əlamətlər eynidir, sadəcə yoluxuculuq artıb”

Adana Şəhər Tədris və Araşdırma Xəstəxanasında çalışan dosent doktor Ahmet Rıza Şahin jurnalistlərə açıqlamasında bildirib ki, H3N2 virusunun əlamətləri adi qriplə eynidir: “Bu virus bildiyimiz influenzadır. Qrip viruslarının əsas xüsusiyyəti davamlı mutasiyaya uğramasıdır. Əgər bu dəyişikliklər əhəmiyyətlidirsə, yoluxuculuq və ya ölümcüllük dəyişə bilər. Hazırkı virus daha yoluxucudur və Avstraliyadan ölkəmizə doğru yayılır. Yüksək hərarət, şiddətli halsızlıq, quru öskürək, ürəkbulanma, qusma və baş ağrısı varsa, bu artıq qripdir. Əlamətlər dəyişmir, sadəcə yoluxuculuq artır.”

“Maska və məsafəyə diqqət edin”

Qış aylarında virusların daha asan yayıldığını vurğulayan Şahin bildirib: “Soyuq və rütubətli hava virusun yaşamasını asanlaşdırır. H3N2-nin yeni mutasiyaya uğramış ştammı daha yoluxucudur. Xəstə insanların ifrazatlarından uzaq durmaq lazımdır. Ən azı 1 metr məsafə saxlanmalı, xəstə şəxslər mütləq maska taxmalıdır.”

“İnsanları ehtiyatlı olmağa çağırıram”

İnfluenzanın hər 4 ildən bir mutasiyaya uğrayaraq yoluxuculuğunun artdığını xatırladan Şahin bildirib ki, 2022-ci ilin mart ayında son COVID-19 halları müşahidə olunub: “5 il əvvəl COVID pandemiyası yaşadıq. Son olaraq Omikron ştammı vardı. 2022-ci ilin yanvarından sonra yoluxma sayı 100-120 minə yüksəldi və virus insana uyğunlaşdı. Bir növ COVID qripləşdi. Bu tip insana uyğunlaşmış koronaviruslar 4 ildən bir epidemiya yaradır. 2022-ci ilin martından 4 il keçir və biz 2026-cı ilin martına yaxınlaşırıq. Bir tərəfdə mutasiyaya uğramış influenza, digər tərəfdə isə insana uyğunlaşmış koronaviruslar var. Bu, tipik epidemiya dövrüdür. İnsanları diqqətli olmağa çağırıram.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki