image-nigah88backend

Nikaha hazırlaşanlara VACİB XƏBƏR: Sənədlərlə bağlı problem yarana bilər

Azərbaycan Respublikasında nikahın hüquqi əsaslarla qurulması məqsədilə qanunvericilik bir sıra mühüm tələblər müəyyən edir. Bu tələblərdən biri də nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin olub-olmamasının yoxlanılmasıdır. Bu məsələ müvafiq dövlət orqanları tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Bəzi hallarda isə tələb olunan sənədlərdən bəziləri itmiş olur. 

Bəs bu kimi hallarda yaranan problemi necə həll etmək olar?

Referans Media xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov açıqlama verərək bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, müəyyən qohumluq əlaqəsi olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Qanunvericiliyə görə yaxın qohumlar, o cümlədən bioloji qohumluğu olan əmi, dayı, bibi və xalanın övladları, həmçinin qardaş və bacının övladları arasında nikahın bağlanması mümkün hesab edilmir:

“Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqəsinin mövcud olub-olmaması aidiyyəti dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemləri vasitəsilə yoxlanılır.

Bəzi hallarda bu məlumatların informasiya sistemi üzərindən əldə edilməsi mümkün olmaya bilər. Belə vəziyyətdə nikaha daxil olmaq istəyən şəxslər özlərinin və valideynlərinin doğum haqqında şəhadətnamələrinin surətlərini nikah barədə ərizəyə əlavə etməlidirlər”.

Vəkil qeyd edib ki, əgər həmin sənədlər itirilibsə, vətəndaş elektron qaydada və ya kağız daşıyıcıda qeydiyyat şöbəsinə müraciət edərək sənədin dublikatını əldə edə bilər. Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aşkar edilmədiyi halda isə vətəndaşa rəsmi imtina məktubu təqdim olunur. Bu halda şəxsin hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki