Nuhun gəmisini görmək MÜMKÜN OLACAQ - Ziyarətə açılır

ABŞ-ın Kentukki ştatında İncil-də təsvir olunan ölçülərə uyğun şəkildə inşa edilən nəhəng “Nuhun gəmisi” layihəsi ziyarətçilərin istifadəsinə veriləcək.

Referans Media  xəbər verir ki, “Ark Encounter” adlı layihənin həm restoran, həm də heyvanat bağı kimi fəaliyyət göstərəcəyi açıqlanıb.

Williamstown şəhərində yerləşən parkın mərkəzindəki nəhəng gəmi 7 iyul tarixində qapılarını açacaq. Təxminən 100 milyon dollara başa gələn layihənin ilk ilində 1-2 milyon ziyarətçi qəbul etməsi gözlənilir.

İncil-də qeyd olunan ölçülərə əsasən tikilən gəminin uzunluğu 155 metr, eni 25 metr olaraq layihələndirilib. Layihə daxilində restoran bölmələri və doldurulmuş heyvan fiqurlarının nümayiş etdirildiyi xüsusi sahələr yaradılıb.

Layihənin sahibi Ken Ham bildirib ki, məqsədləri İncildəki hekayələri canlandırmaq və Nuh tufanı hekayəsinin gerçək ola biləcəyini göstərməkdir. Onun sözlərinə görə, gəmi kənardan böyük görünsə də, içəri daxil olduqda daha da nəhəng təsir bağışlayır.

Park hər il yüz minlərlə turist qəbul edən “Yaradılış Muzeyi”nin yaxınlığında yerləşir. Layihənin dövlət tərəfindən təxminən 18 milyon dollarlıq vergi güzəşti və turizm təşviqi aldığı da bildirilib.

Məlumata görə, parkda işləmək istəyən şəxslərdən İncil-dəki yaradılış hekayəsinə və böyük tufanın həqiqətən baş verdiyinə inandıqlarını təsdiqləyən sənəd imzalamaları tələb olunur./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki