Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli Gürcüstanda saxlanılması ilə bağlı araşdırmalar davam edir.
Referans Media Ölkə.az-a istinadən xəbər verir ki, bunu onun özü bildirib.
“Tbilisi hava limanında rastlaşdığım xoşagəlməz hadisə barədə danışmayacam, bu haqda mətbuatda yetərincə işıqlandırılıb. Hazırda bu məsələnin səbəbləri üzrə araşdırmalar davam edir. Məqsəd dəvət aldığım tədbirdə iştirak etmək idi və bu, baş tutdu. İlk növbədə Gürcüstanda yaşayan vətənpərvər soydaşlarımıza, tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin sərdinə, bu ölkədəki səfirliyimizin əməkdaşlarına mənə göstərdikləri hörmət və yüksək qayğıya görə təşəkkürümü bildirirəm. Orada olduğum iki gün ərzində daim diqqət göstərdilər”, - Milli Qəhərman deyib.
İ.Hüseynli hər belə səfər zamanı fərqli nüanslara diqqət yetirdiyini söyləyib. Onun fikrincə, heç bir şeyin təkrarı yoxdur və ideal heç nə yoxdur:
“Gürcüstanın özünəməxsus üstünlükləri var. Bu, şübhəsizdir. Lakin qeyd etdiyim kimi ideal da deyil. Bu sətirləri oxuyan gürcü dostlarımız gərək bunu dost iradı kimi başa düşsünlər. Əksinə, daha mükəmməl olmağa çalışsınlar. Hər bir ölkənin sərhəd-keçid məntəqəsi əcnəbi vətəndaş üçün aldığı ilk təəssüratdır. Bəzən bu təəssürat onu bu ölkəyə bütün səfər boyu müşayət edir. Müasir arxitektura nümunəsi sayılacaq Bakı Hava Limanı Tbilisi Hava Limanı ilə müqayisə oluna bilməz. Bakı limanının əməkdaşlarının yüksək operativliyi, limana gələn istənilən ölkə vətəndaşlarına sərgilədiyi yüksək mədəniyyət və etika təqdirəlayiqdir. Məni bu səfər zamanı müşayət edən, həm də gürcülərin mükəmməl bilmədikləri rus və ingilis dillərində anlaşa bilən qazi Sahib Şirinovun zarafatla dediyi kimi, türk dilləri vahid bir dil ailəsində birləşdiyi halda, gürcü dili heç bir qrupa aid olmayan, “yetim” dil hesab olunur.
Bəlkə elə buna görədir ki, bizim şirin türkcəmiz gürcü ləhcəsindən kəskin fərqlənir.
Gürcüstanı qafqazın turizm brendi adlandırırlar. Bu, qonşu ölkənin haqqıdır.Amma turistləri cəlb edən gürcü mətbəxi çətin ki, Azərbaycanımızın ləziz yeməklərini əvəz edə bilsin. Gürcüstanın füsunkar təbiət gözəlliyi çətin ki, Kəlbəcəri və ya Qəbələni əvəz edə bilsin. Və bir də Tbilisidə sahibsiz itlər daha çoxdur. Bakıda isə istisnasız olaraq, həmı pişiklərə qayğı göstərir.
Nəhayət, mən xarici ölkədə dövlətimizin gücünü, qətiyyətini vətəndaş olaraq bir daha öz üzərimdə hiss etdim. Qoy bütün dünyaya agah olsun ki, dünyanın harasında olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı ilə bu sayaq hörmətsiz rəftar olunması yolverilməzdir”.
Qeyd edək ki, İbad Hüseynli oktyabrın 23-də Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tbilisiyə gedib. O, hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İ.Hüseynli sərbəst buraxılıb.
