Azərbaycan Respublikasının Ali Məhkəməsinin son dövrlərdə formalaşdırdığı hüquqi mövqe boşanma sonrası valideyn-övlad münasibətləri ilə bağlı mühüm yanaşma ortaya qoyur. Artıq valideynlərdən birinin digərinin uşaqla ünsiyyət hüququna qəsdən mane olması yalnız ailə mübahisəsi deyil, həm də mənəvi zərərə səbəb olan hüquq pozuntusu kimi qiymətləndirilərək bilər.
Bəs bu halda maneə törədən valideyndən təzminat tələb etmək mümkündürmü?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, ailə münasibətlərində artıq yeni hüquqi mərhələ başlayır. Bu mərhələdə təkcə maddi deyil, şəxsiyyət hüquqları da qanunla qorunur.
Onun sözlərinə görə, bu hüquqların pozulması mənəvi zərərin yaranması üçün əsas hesab oluna bilər:
“Ali Məhkəmənin mövqeyinə əsasən, valideynlərdən birinin digər valideynin uşaqla ünsiyyətinə mane olması mənəvi zərər üçün hüquqi əsas yaradır. Uşaqla ünsiyyət fundamental hüquqdur və bunun üçün mütləq məhkəmə qərarının olması tələb edilmir. Valideyn digər tərəfə “məhkəmə qərarı yoxdur, görüşdürmürəm” deyə bilməz. Bu, artıq fundamental hüququn pozulması kimi qiymətləndirilir”.
Hüquqşünas vurğulayıb ki, bu cür hallarda zərərçəkən valideyn məhkəməyə müraciət edərək həm uşaqla ünsiyyət hüququnun təmin olunması, həm də mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldıra bilər.
“Övladın digər valideynə qarşı vasitə və ya təzyiq aləti kimi istifadə olunması da hüquqi məsuliyyət yaradır.
Bir valideynin digər valideynə uşaqla ünsiyyətdə maneə yaratması təzminat tələbi üçün əsas ola bilər”.
Ekspert hesab edir ki, bu yanaşma gələcəkdə ailə mübahisələrində valideyn hüquqlarının daha effektiv qorunmasına və uşaqların tərəflər arasında təzyiq vasitəsinə çevrilməsinin qarşısının alınmasına xidmət edir.























