image-qenire-atasovabackend

Okeanın o tayından idarə olunan dezinformasiya maşını: Qənirə Ataşovanın “araşdırma” iflası və hüquqi nihilizm cəhdləri

Son dövrlər media məkanında özünü “müstəqil araşdırmaçı” kimi təqdim edən, lakin fəaliyyət trayektoriyası şəxsi ambisiyalar və qərəzli manipulyasiyalar üzərində qurulan Qənirə Ataşovanın növbəti reputasiya sui-qəsdi ilə qarşı-qarşıyayıq. Kosmetoloq Dr. Gülsüm Əliyevaya qarşı yönəlmiş bu sistemli hücumlar artıq sadə bir jurnalist iddiası deyil, dövlətin hüquq institutlarına və məhkəmə hakimiyyətinin nüfuzuna qarşı yönəlmiş açıq təxribat xarakteri daşıyır.

Xatırlatmaq zəruridir ki, Q. Ataşovanın eyni paylaşımı 2025-ci ildə də paylaşımışdı və həmin vaxt böyük iddia ilə gündəmə gətirdiyi “faktlar” Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən ən xırda detallarına qədər araşdırılmışdır. Aparılan hərtərəfli təhqiqat hərəkətləri nəticəsində məlum olmuşdur ki, irəli sürülən ittihamların heç bir hüquqi və maddi əsası yoxdur.

Dövlətin rəsmi hüquq-mühafizə orqanlarının “günahsızdır” qənaətinə gəldiyi və fəaliyyətində hər hansı qanun pozuntusu aşkar etmədiyi bir mütəxəssisə qarşı hələ də “ittiham aktı” dilində danışmaq, yalnız peşə etikasına deyil, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlara kölgə salmaq cəhdidir. Bu, faktiki olaraq dövlətin rəsmi sənədini və hüquqi qərarını heçə saymaq, ölkədə hüquqi nihilizm toxumları səpmək deməkdir.

Ataşova “şəffaflıq” dərsi keçməyə çalışsa da, onun öz çevrəsindəki qaranlıq məqamlar fəaliyyətinin əsl mahiyyətini üzə çıxarır. Əldə etdiyimiz məlumatlara görə, onun yaxın ətrafında olan və heç bir tibbi sertifikasiyası, qanuni icazəsi olmadan fəaliyyət göstərən şəxslər barədə susması, onun “ədalət” prinsipinin nə qədər selektiv və sifarişli olduğunu sübut edir. Bu, jurnalistika deyil, konkret hədəflərə yönəlmiş informasiya reketliyidir.

Q. Ataşovanın okeanın o tayındakı “mühacir həyatı”nın pərdəarxası isə daha acınacaqlı mənzərəni ortaya qoyur. İddialara görə, ABŞ-da status almaq və yaşayış hüququ qazanmaq üçün ailə üzvlərinin konfessiyasını dəyişməsi, milli-mənəvi dəyərlərdən imtina edilməsi bu fəaliyyətin hansı mənəvi zəmində dayandığını göstərir. Öz inancını və dəyərlərini şəxsi komfortuna qurban verən birisinin, ölkəmizdə fədakarlıqla çalışan bir anaya, bir xanıma “mənəviyyat dərsi” keçməyə heç bir mənəvi legitimliyi yoxdur.
Ən təhlükəli məqam isə budur: Ataşovanın bu tip əsassız və hüquqazidd “araşdırmaları” vətəndaşlarda dövlətin hüquq-mühafizə orqanlarına qarşı inamsızlıq yaratmaq məqsədi güdür. Bu, Azərbaycan Prezidentinin “hüququn aliliyi” prinsipi əsasında formalaşdırdığı müasir dövlət modelinə qarşı aparılan bir psixoloji müharibədir. İnsanları qanunla təsdiq olunmuş qərarlara deyil, manipulyasiya olunmuş sosial şəbəkə videolarına inanmağa sövq etmək, cəmiyyətdə xaos və hüquqi qeyri-müəyyənlik yaratmaq cəhdidir.

Müasir hüquqi dövlət quruculuğu prosesində fərdlərin, xüsusilə də ictimai rəyə təsir imkanları olan şəxslərin hərəkətləri sadəcə şəxsi seçim deyil, həm də dövlətin bəyan etdiyi prinsiplərə münasibətin göstəricisidir. Lakin keçmişi media nümayəndəsi olan Qənirə Ataşovanın son davranışları cəmiyyətdə ciddi suallar və legitim narazılıq doğurur. Söhbət həkimlik fəaliyyəti göstərmək üçün zəruri olan sertifikasiya şəhadətnaməsi (lisenziyası) olmayan kosmetoloq Gülnar Zeynallının xidmətlərindən istifadə edilməsindən və bu qanunsuzluğun sosial media platformalarında geniş auditoriyaya təbliğ olunmasından gedir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquq siyasətinin ana xəttini qanunun aliliyinin təmin edilməsi və hüquqi dövlət institutlarının möhkəmləndirilməsi təşkil edir. Dövlət başçısının qətiyyətli islahatları məhz vətəndaşların qanun qarşısında bərabərliyini və dövlətə olan inamını artırmağa xidmət edir.

Belə bir məqamda, Q.Ataşovanın qanunsuz fəaliyyət göstərən şəxsləri reklam etməsi ciddi fəsadlara yol açır:

1. Müvafiq icazəsi olmayan şəxsin tibbi-kosmetoloji prosedurlar həyata keçirməsi qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Bu fəaliyyətin populyarlaşdırılması cəmiyyətdə “qanunlardan yan keçmək mümkündür” rəyini formalaşdırır.

2. Bu növ paylaşımlar sıravi vətəndaşlarda dövlətin hüquq-mühafizə və nəzarət orqanlarının effektivliyinə dair şübhələr yaradır, dövlət strukturlarına olan inamı zədələyir.

3. Jurnalist etikasından kənarlaşaraq, aşkar qanunsuzluğa şərik olmaq və sonradan bu faktları silərək iz itirməyə çalışmaq, subyektin mənəvi və hüquqi məsuliyyətdən yayınma cəhdidir.

Qənirə Ataşovanın bu əməlləri sadə bir ehtiyatsızlıq deyil, sistemli bir məsuliyyətsizlik nümunəsidir. Paylaşımların sonradan silinməsi təcrübəsi sübut edir ki, burada söhbət törədilən hüquqazidd hərəkətin dərkindən deyil, şəxsi maraqların təmin olunmasından gedir.

“Qanun qarşısında hamı bərabərdir” prinsipinin tərənnüm olunduğu bir ölkədə, şəxsi maraqlarını dövlətin hüquq siyasətindən üstün tutanlar, əslində ən böyük zərbəni vətəndaşın dövlətə olan sarsılmaz inamına vururlar.

İctimaiyyət Qənirə Ataşovadan sadəcə izahat deyil, bu hüquqi xaosun yaratdığı mənəvi zərərin etirafını gözləyir. Əks halda, bu cür hallar hüquqi islahatların qarşısında duran süni maneə kimi tarixə düşəcəkdir.

Azərbaycanın peşəkar mütəxəssislərinin, xüsusən də fəaliyyətində insanlara heç bir zərəri olmayan Dr. Gülsüm Əliyeva kimi şəxslərin şantaj yolu ilə hədəf seçilməsinə imkan verilməyəcək. Jurnalist etikası və vəsiqəsi heç kimə qanundan üstün olmaq və ya şər-böhtan yaymaq imtiyazı vermir. Hələ üstəlik Qənirə Ataşovanın “journalist vəsiqəsi”də yoxdur. Unudulmamalıdır ki, hüquqi dövlətdə son sözü feysbuk və Instagram statusları deyil, Qanunun gücü deyir!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki