image-bina-midabackend

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Bu mənzillərə tələbat ARTACAQ

Azərbaycanın daşınmaz əmlak bazarında son illərdə müşahidə olunan kəskin qiymət artımı alıcı davranışlarında fundamental dəyişikliklərə səbəb olub. Artıq geniş, çoxotaqlı mənzillər “lüks” kateqoriyasına keçdiyi halda, alıcıların əsas diqqəti azkvadratlı (studio və ya 1 otaqlı) mənzillərə yönəlib.

Kiçik sahəli mənzillərin alıcıları əsasən iki qrupa bölünür. Lakin üstünlük təşkil edən tərəf investorlardır. Azkvadratlı mənzilləri satmaq və ya kirayə vermək daha asandır.

Kiçik mənzillərin kirayə gəliri, onların alış qiymətinə nisbətdə böyük mənzillərlə müqayisədə daha yüksək faizli gəlir (ROI) təmin edir.

Bu evləri öz yaşayışı üçün alanların azlığı, paytaxtın mərkəz hissələrinin “yataqxana-otel” modelinə keçdiyini göstərir.

Qiymət artımı “mikro-mənzil” trendini gücləndirəcəkmi?

İqtisadi proqnozlar göstərir ki, tikinti materiallarının bahalaşması və şəhər daxilində boş torpaq sahələrinin azalması mənzil qiymətlərini yuxarı çəkməyə davam edəcək. Bu vəziyyətdə yeni ailə quranlar və subay gənclər üçün “minimalizm” həyat tərzi deyil, iqtisadi zərurətə çevrilir.

Tələbatın azkvadratlı mənzillərə yönəlməsi, süni şəkildə bu tip mənzillərin kvadratmetr qiymətinin digərlərinə nisbətən daha sürətlə artmasına gətirib çıxarır.

Kiçik kvadratlı mənzillər artıq sadəcə büdcə dostu variant deyil, həm də strateji investisiya alətidir. Əgər yaxın dövrdə ipoteka şərtlərində və ya tikinti xərclərində kəskin azalma baş verməzsə, Bakının daşınmaz əmlak bazarı “böyük ev, böyük xoşbəxtlik” modelindən “kiçik ev, böyük səmərəlilik” modelinə tam keçid edəcək.

Mövzunu Bizim.Media üçün şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, əmlak bazarında kiçik mənzillərə marağın artmasının 3 səbəbi var:

“Birinci səbəb daşınmaz əmlak bazarındakı bahalaşmadır. Artıq çoxluğun geniş mənzil almağa imkanı yoxdur. Ona görə də kiçik ölçülü mənzillərə tələbat artıb. İkinci səbəb kirayə bazarındakı rəqabətdir. Məlumdur ki, bəzi hallarda mənzillər biznes məqsədi ilə alınır və kirayəyə verilir. Təsadüfi deyil ki, kirayəçilər 1 və 2 otaqlı mənzillərə daha çox maraq göstərirlər. Ona görə də 1 və 2 otaqlı mənzillərin alışına maraq daha böyükdür.

Əslində Azərbaycan reallığında hər zaman 1 otaqlı mənzillərə tələbat yüksək olub.

Hətta binanın bünövrəsi inşa ediləndən qısa müddət sonra 1 otaqlı mənzillər satılıb qurtarır. Fakt budur ki, bu gün 40-60 kvadratmetrlik mənzillərə maraq böyükdür.

Üçüncü səbəbsə beynəlxalq aləmdəki trendin ölkəmizə təsiridir. Avropada və digər ölkələrdə insanlar iş yerlərinə yaxın ucuz və kiçik mənzillərə maraq göstərirlər. Bəzən elə olur ki, insanlar iş yerlərini tez-tez dəyişirlər.

Belə vəziyyətdə isə böyük mənzillərin alınmasına və yaxud kirayələnməsinə maraq olmur. Belə insanlar kiçik mənzillərə üz tutur. Beləliklə də böyük ölçülü mənzillər passiv yatırım hesab olunur”.

Çoxfunksiyalı mənzillərə ehtiyac çoxalır.

Müsahibimiz deyir ki, çoxfunksiyalı mənzillər o deməkdir ki, ona kiçik dəyişiklik etməklə ondan həm ofis, həm də yataq otağı kimi istifadə etmək olur:

“Bu Avropada geniş yayılsa da, Azərbaycanda yeni populyarlıq qazanır. Nəzərə alaq ki, çoxfunksiyalı mənzillərdə kirayə haqqı münasib olmaqla yanaşı mənzil və ofis üçün tələb olunan bütün zəruri ehtiyacları ödəyir. Yaxın zamanlarda bu tip mənzillərə tələbat artacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki