Batil inanclar və ya xurafat – elmi əsası olmayan, məntiqə söykənməyən, çox vaxt qorxu, məlumatsızlıq və ya ənənələrin təsiri ilə formalaşmış inanclardır. Batil inanclar insanların ətraf aləmi izah etməkdə çətinlik çəkdiyi dövrlərdə yaranıb. Onlar çox zaman gündəlik hadisələri “şans”, “uğursuzluq” və ya “görünməz qüvvələr”lə əlaqələndirirlər.
Mədəniyyətlərdən asılı olaraq müxtəlif batil inanclar mövcuddur: məsələn, pişiyin yolu kəsməsi, güzgünün sınmasının yeddi il bədbəxtlik gətirməsi, dırnağı axşam kəsməyin uğursuz sayılması və sairə.
İndi insanlar arasında daha çox müzakirə edilən daha bir inanc da var ki, bu onların səhhətlərinə və psixoloji durumlarına belə təsir edir. Bəzi insanlar səhər yuxudan oyanarkən ovuclarında və ya barmaqlarında xına rənginə bənzər açıq narıncı-qonur iz görürlər, elə hesab edirlər ki, bunu cinlər edib, bu şəxs hər zaman səfalət içində yaşayacaq.
Batil inanclar insanların tarixən dünyagörüşünü formalaşdıran amillərdən biridir. Elmin inkişaf etmədiyi dövrlərdə onlar hadisələrə izah vermək üçün istifadə olunurdu. Bu gün isə batil inanclar daha çox mədəni irsin bir hissəsi kimi qalmaqdadır. Lakin bəzi hallarda bu inanclar insanın qərarvermə qabiliyyətinə təsir edir, onu real səbəblərdən uzaqlaşdırır. Bu səbəbdən, batil inanclara tənqidi yanaşmaq, onları elmi məlumatlarla müqayisə etmək vacibdir.
Referans Media bildirir ki ,İlahiyyatçı-alim Samid Quliyev Musavat.com-a bu inanclarla bağlı fikirlərini bildirib:
“Bəli, insanlar bəzən mistik mənalar axtarırlar. Məsələnin həm xalq arasında dolaşan inanc tərəfi, həm də elmi izahı mövcuddur. Azərbaycanın müxtəlif bölgələrində belə bir inanc yayılıb ki, insan yatarkən mələklər onun əllərinə xına yaxır və səhər bu iz görünür. Bəzi yerlərdə isə şeytanın insanın əlinə qara xına yaxdığı iddia olunur.
Lakin qeyd etmək lazımdır ki, İslamda insanın yuxuda ikən əlinə xına yaxması barədə heç bir rəvayət yoxdur. Bu fikir nə Quranda, nə də etibarlı hədis mənbələrində var. Bəs bu nədir və necə yaranır? Tərlə qarışan dəri piqmentləri – gecə boyu dəri nəfəs alır, ölü hüceyrələr tərlə qarışdıqda narıncı-qonur ton yarana bilir. Xüsusilə isti otaqda yatarkən daha çox müşahidə olunur. Dərinin təbii yağları gecə oksidləşdikdə səhər yüngül sarı-qəhvəyi rəng yarana bilər. Bu hallar tibbi baxımdan təhlükəli deyil və bir müddət sonra keçib gedir. Səhər oyanarkən əldə görünən xına rəngi dərinin təbii reaksiyasıdır və zərərsizdir. Xalq arasında mələklərlə əlaqələndirilsə də, dini mənbələrdə buna dair heç bir əsas yoxdur”.





















