İş yerində ixtisar, rəhbərliklə fikir ayrılığı və ya digər səbəblərdən işdən çıxarılma təhlükəsi ilə üzləşən şəxslər bəzən hüquqlarını bilmədikləri üçün tələsik qərarlar verirlər. Belə hallarda bəzi işçilər öz ərizələri ilə işdən çıxmağa məcbur edilir, digərləri isə qanunvericilikdə nəzərdə tutulan təminatlardan xəbərsiz olurlar. Halbuki işdən azad edilmə prosesi müəyyən hüquqi prosedurlara uyğun həyata keçirilməlidir.
Belə vəziyyətlə üzləşən işçi hüquqlarını qorumaq üçün hansı addımları atmalı və nələrə diqqət etməlidir?
Referans Media-ın məlumatına görə hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, əmək müqaviləsi müddətli deyil, müddətsiz bağlanıbsa, işəgötürən müqaviləyə müddətin sonunda xitam verə bilməz. Müddətli müqavilələrdə isə vəziyyət fərqlidir:

"Heç bir əsas göstərmədən müqaviləyə xitam verə bilir və təəssüf ki, bu, qanunidir. Təəssüf doğuran məqamlardan biri də odur ki, Əmək Məcəlləmiz işəgötürənlərə istədikləri hallarda müddətli müqavilə bağlamağa imkan verir. Bu da ona gətirib çıxarıb ki, bu gün Azərbaycanda nəinki illik, hətta bir aylıq əmək müqavilələri də var. Yəni hamı elə müqavilə bağlayır ki, müddəti bir ay olsun. Müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilməsə, yenə bir aylıq uzadılmış hesab olunur. Bu, sadəcə olaraq, işçinin hüquqlarının pozulmasıdır və təəssüf ki, qanun buna yol verir. Əslində, qanunda konkret göstərilməlidir ki, işəgötürən hansı hallarda müddətli əmək müqaviləsi bağlaya bilər. İşçi daimi lazımdırsa, işəgötürən niyə müddətli müqavilə bağlayır? Səbəb bəllidir: istədiyi vaxt işçini işdən çıxara bilsin. Çünki müqavilə müddətsiz olduqda işəgötürən işçini yalnız qanunda nəzərdə tutulan müəyyən hallarda öz təşəbbüsü ilə işdən azad edə bilər. İşçi kobud pozuntuya yol veribsə, bu, aydındır. Həmin pozuntu araşdırılmalı, sənədləşdirilməli və işçi həqiqətən də kobud pozuntuya görə işdən azad edilməlidir.
İkinci səbəb ixtisardır. Həmin ştat vahidi ləğv olunur. Bu halda da işçiyə iş stajından asılı olaraq kompensasiya verilməlidir. Bəzən işəgötürənlər bu kompensasiyanı ödəməmək üçün ixtisar zamanı işçiyə deyirlər ki, öz xahişinlə işdən çıx. İşçi niyə öz ərizəsi ilə işdən çıxmalıdır? İşçi belə vəziyyətdə ərizə yazmamalıdır. Deməlidir ki, ixtisar edirsinizsə, ixtisar edin, kompensasiyamı da ödəyin.
Bəs işəgötürənin təşəbbüsü ilə işçini işdən azad edə biləcəyi üçüncü hal nədir? Attestasiyadır. Bu halda bütün işçilərin attestasiyası keçirilməlidir, yalnız konkret bir nəfərin yox. Komissiya yaradılmalı və işçilərin tutduqları vəzifələrə uyğunluğu yoxlanılmalıdır".
Əkrəm Həsənov bildirib ki, işçi prosesin obyektiv keçirilmədiyini düşünürsə attestasiya nəticəsində qəbul edilən qərardan da şikayət edə bilər:
"Təbii ki, bu məsələ də xeyli mübahisələr doğurur. Buna görə də işəgötürənlər bir sıra hallarda işçilərə öz ərizələri ilə işdən çıxmağı təklif edirlər. İşçi özünü haqlı hesab edirsə, heç bir qanun pozuntusuna yol verməyibsə və attestasiyadan uğurla keçibsə, ərizə yazmamalıdır. Çünki ərizə yazması işdən öz xahişi ilə ayrılması deməkdir. Bu halda isə sonradan işdən çıxarılma qərarını mübahisələndirmək artıq mümkün olmur".
