Milli Məclisdən YENİ QƏRAR: Ət ucuzlaşacaq?

Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.

Layihədə qoyun və donuz ətinin baytarlıq normalarına uyğunluğunu təsdiqləyən ekspertiza aktının verilməsinə və ya ətin üzərinə baytarlıq nişanının vurulmasına görə ödənilən dövlət rüsumunun azaldılması nəzərdə tutulur.


Layihəyə əsasən, hazırda hər cəmdək üçün ödənilən rüsumun 4 manatdan 2 manata endirilməsi təklif olunur. Dəyişiklik donuz piyinin hər partiyası üçün ödənilən rüsuma da şamil olunur.

Bəs rüsumun yarıbayarı azalması ətin maya dəyərini nə qədər aşağı sala bilər? Nəticədə ət ucuzlaşa bilərmi?

Referans Media-ın məlumatına görə Xalid Kərimli Sfera.az-a açıqlamasında deyib ki, bu qayda qiymətlərə heç bir təsir göstərməyəcək:

Milli Məclisdən YENİ QƏRAR: Ət ucuzlaşacaq?

“Qiymətlərə bazarda qoyun ətinə olan tələbatın səviyyəsi təsir edir. Yəni bazara çıxarılan qoyun ətinin həcmi və tələbatın səviyyəsi təyin edir. Sahibkarın isə 4 manatdan xərci 2 manata qədər aşağı düşəcək. 20 kiloqramlıq qoyun cəmdəyi üzrə 2 manatlıq qənaət hər kiloqrama 10 qəpik düşür. Amma sahibkar buna görə ətin hər kiloqramını alıcıya ucuz satmayacaq”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli saytımıza açıqlamasında deyib ki, bu qayda ilk növbədə ət istehsalı və satışı ilə məşğul olan sahibkarların xərclərinin müəyyən qədər azalmasına imkan verəcək:

Milli Məclisdən YENİ QƏRAR: Ət ucuzlaşacaq?

“Xüsusilə çoxsaylı heyvan kəsimi həyata keçirən təsərrüfatlar və ət emalı müəssisələri üçün müəyyən iqtisadi üstünlük yarada bilər. Ancaq bu güzəştin ət məhsullarının maya dəyərinə və son satış qiymətinə ciddi təsir göstərəcəyini düşünmürəm. Bu daha çox identifikasiyanı stimullaşdıracaq. Çünki ətin qiymətini formalaşdıran əsas amillər heyvanın alış qiyməti, yem xərcləri, saxlanma, daşınma, kəsim və digər istehsal xərcləridir. Baytarlıq nişanına görə rüsum isə bu xərclərin yalnız kiçik bir hissəsidir”.

O qeyd edib ki, rüsumun yarıya endirilməsi bazarda ətin nəzərəçarpacaq dərəcədə ucuzlaşmasına səbəb olmayacaq:

“Ən yaxşı halda sahibkarların mənfəət marjasına müsbət təsir göstərə və xərclərin bir qədər azalmasına şərait yarada bilər. Qiymətlərin aşağı düşməsi üçün isə istehsal xərclərinin ümumi səviyyəsində azalma olmalıdır.

Digər tərəfdən, bu qərarın əhəmiyyəti yalnız maliyyə güzəşti ilə məhdudlaşmır. Dövlət rüsumlarının azaldılması sahibkarların fəaliyyətini stimullaşdıra, baytarlıq nəzarətindən keçən və nişanlanmış ət məhsullarının dövriyyəsini təşviq edə bilər. Burada əsas məqsəd güzəşt hesabına qanuni fəaliyyətin və baytarlıq nəzarətinin əhatə dairəsinin genişlənməsi olmalıdır. Çünki istehlakçı üçün əsas məsələ təkcə ətin ucuz olması deyil, həm də onun təhlükəsizliyinə və keyfiyyətinə əmin olmaqdır”.

Qeyd edək ki, 2026-cı ilin sentyabr ayı üzrə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda sümüklü qoyun ətinin orta pərakəndə satış qiyməti 18,96 manat təşkil edib. Son bazar məlumatlarında isə qoyun ətinin kiloqramı təxminən 19-25 manat, quzu əti 22-23 manat arasında dəyişir. Qiymətlər satış məntəqəsindən və ətin növündən asılı olaraq fərqlənir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki