Salyanda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb.
Referans Media “lent.az”a istinadla xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib.
İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib.
Evdə nişan üçün hazırlıqlara kömək edərkən heç kimin olmamasından istifadə edib və bacısı oğluna, eləcə də onun arvadına məxsus ümumilikdə 3500 manatlıq qızılları oğurlayıb.
Zərərçəkənin şikayəti əsasında Sənubər Rəhimova saxlanılıb və barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı 2 il əvvəl ölüb və azyaşlı oğlu ilə birgə yaşayır.
Oğurladığı qızılları nişan konfetinin kağızına bükərək evinə aparıb. Zinət əşyalarını evin yanında, Kür çayının bəndinin aşağısındakı daşların altında gizlədib. Lakin səhər polis əməkadaşları tərəfindən saxlanılıb.
Yekun olaraq, o, əməlindən peşman olduğunu və azyaşlı övladını tək böyütdüyünü deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Zərərçəkən şəxs də oğurlanan qızılların geri qaytarıldığını və xalasına qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Sənubər Rəhimova 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bundan başqa ona electron qolbaq taxmaq, gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evi, həmçinin 9 ay ərzində isə Salyan rayonunu tərk etməmək tapşırılıb.
