İranda illik inflyasiya iyun ayında 88,6 faizə çataraq yeni rekord müəyyənləşdirib.
Referans Media xəbər verir ki, İran Statistika Mərkəzinin məlumatına əsasən, Yaxın Şərqdəki müharibə və uzun illərdir davam edən sanksiyalar qiymət artımını daha da sürətləndirib.
Mayın 22-dən iyunun 21-dək olan fars təqvimi ayı ərzində ərzaq məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.
Çörək və taxıl məhsulları 138,8 faiz, süd, pendir və yumurta 151,9 faiz, qırmızı ət və quş əti isə 178,2 faiz bahalaşıb.
Müqayisə üçün qeyd olunur ki, fevral ayında illik inflyasiya 68 faiz, 2025-ci ilin dekabrında isə 52,6 faiz təşkil edirdi.
Ən ağır vəziyyət kənd yerlərində müşahidə olunur. Burada inflyasiya 108,1 faizə yüksəlib. Ölkənin 11 vilayətində qiymət artımı 100 faizi keçib. Ən yüksək göstəricilər İlam (114,7 faiz), Kürdüstan (111,7 faiz) və Luristan (109,8 faiz) vilayətlərində qeydə alınıb./musavat
