Serbiya Prezidenti Aleksandr Vuçiç yaxın həftələrdə vəzifəsindən getməyə hazırlaşır.
Referans Media xəbər verir ki, "Izvestiya" qəzetinin "Telegram" kanalının yaydığı məlumata görə, bu barədə o, hakim partiyanı və Serbiya liderinin siyasətini dəstəkləmək üçün təşkil olunmuş "Serbiya, vahid ailə" aksiyasından əvvəl bəyan edib.
Toplaşan insanların qarşısına çıxan Vuçiç prezident qismində sonuncu dəfə bu qədər vətəndaş qarşısında çıxış etdiyini bildirib. O, müxtəlif vəzifələrdə çalışdığı 14 il ərzində ölkəsinə sədaqətlə xidmət etdiyini vurğulayıb.
Dövlət başçısı, həmçinin aksiya iştirakçılarına onun bu vəzifədən heç vaxt getməyəcəyini iddia edən müxaliflərin sözlərini xatırladıb: "Bunlar mənim respublika prezidenti kimi son günlərim və həftələrimdir", – deyə o diqqətə çatdırıb.
Vuçiçin səlahiyyət müddəti 2027-ci ilin mayında başa çatır. Əgər o, vaxtından əvvəl istefa vermək barədə qərar qəbul edərsə, qanuna əsasən, bundan 90 gün sonra növbədənkənar prezident seçkiləri keçirilməlidir.
