image-gulmalibackend

Deputatın uşaq bağçası bağlandı

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalıya məxsus “Buta” körpələr evi-uşaq bağçası fəaliyyətini bir müddətdir dayandırıb.

Referans Media  İqtisadiyyat.az-a istinadən xəbər verir, uşaq bağçası artıq heç bir fəaliyyət göstərmir.

Buna baxmayaraq, bu günlərdə kommersiya qurumlarının dövlət reyestrində uşaq bağçasının qanuni təmsilçisi ilə bağlı dəyişiklik icra olunub.

Belə ki, kommersiya qurumlarının dövlət reyestrində həyata keçirilən dəyişikliklə bir müddət əvvəl fəaliyyəti dayandırılmış “Buta” körpələr evi-uşaq bağçasının qanuni təmsilçisi vəzifəsinə xanım deputatın qızı Nigar Həsənova təyin olunub.

Xatırladaq ki, “Buta” 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb və hazırda fəaliyyət göstərmədiyi üçün passiv vergi ödəyicisidir. Hüquqi ünvanı paytaxtın Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 12 D, 999-cu məhəllədə yerləşir. Bağçaya Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2013, 2014, 2016, 2021 və 2023-ci illərdə müvafiq olaraq, 120, 80, 40, 40, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, 2022-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək ümumi sahəsi 617,24 kv. metr olan obyektin tikintisi üçün Günay Ağamalıya icazə verib. “Buta” 2024-cü ilin sentyabrında məlumat yayaraq bağça üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikildiyini, zirzəmi və birinci mərtəbəsinin artıq inşa edildiyini açıqlayıb. Qeyd edilib ki, 4,5 sotun içərisində mövcud olan qeyri-yaşayış sahəsinin bütün sənədləri hazırdır.

Eyni zamanda həmin vaxt bağçanın satışa çıxarıldığı, qiymətinin isə 1 milyon 500 min manat olduğu göstərilib. Amma sonradan bağçanın satışı dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki