SEPAH-a bağlı dairələrin TRIPP layihəsi (Zəngəzur dəhlizi-red.) ilə bağlı yaydığı məlumatlar diqqət çəkir. İddialara görə, ABŞ-la müharibə İranın qalibiyyəti ilə bitərsə, bu zaman regionda “Tramp yolu” layihəsinin reallaşmasının qarşısı alınacaq.
Məlumata əsasən, Tehranda layihəni Türk birliyi üçün mühüm məqam kimi təqdim edir, bunun İranın maraqlarına uyğun gəlmədiyini düşünürlər.
İddialar nə dərəcədə realdır? İranın TRIPP-ə mane olmağa çalışması mümkündürmü?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, hakimiyyətdə qalmasını özünün qalibiyyəti hesab edən SEPAH, qonşu ölkələrə qarşı yenidən təhdidlərlə danışır:
“Ötən gün Bəhreyni işğalla hədələyən rejimin sözçüləri bu gün Zəngəzur dəhlizini və Türk birliyini hədəfə alırlar. Rejimin mahiyyəti budur. Qonşularla normal münasibətlər sistemi qurmağa deyil, yalnız təzyiq yolu ilə öz mövqelərini diktə etməyə çalışırlar. Qırx gün ərzində liderlərini itirdilər, hərbi infrastrukturu sıradan çıxarıldı, hərbi donanması yox olmaqla üz-üzədir, ölkə “olum, ya ölüm” dilemması qarşısındadır, lakin rejim yenə də təhdid yolunu seçir.
Zəngəzur dəhlizi regional iqtisadi və nəqliyyat əməkdaşlığıdır. Regionda sülhə xidmət edir. İranın Zəngəzur dəhlizinə mane olmağa çalışması yeni böhrana yol aça bilər. Öz ərəb qonşuları tərəfindən hərbi zərbələrə məruz qalan İranın şimal qonşuları ilə körpüləri yandırması əleyhinə işləyər.
Bu gün İsrail bütün qonşuları ilə düşmən münasibətindədir. Hər bir qonşusunun təhdid edir. Görünür, SEPAH İsrailin həyata keçirdiyi xətti tətbiq etməyə başlayıb”.























