Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə görüşünün təşkili üçün Türkiyə və bir sıra digər dövlətlərə müraciət olunub.
Referans Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazirin sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyi Türkiyəyə rəsmi müraciət göndərib, həmçinin bəzi digər paytaxtlardan dəstək istəyib. Lakin o, hansı ölkələrin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Sibiqa vurğulayıb ki, Kiyev Moskva və Minsk şəhərlərini mümkün danışıqlar məkanı kimi nəzərdən keçirmir.
“Əgər Moskva və Minskdən başqa hər hansı paytaxt belə bir görüşü təşkil etsə, biz gedəcəyik. Bu bizim üçün vacibdir”, – deyə nazir bildirib.
XİN rəhbəri qeyd edib ki, liderlər səviyyəsində mümkün görüş diplomatik prosesə yeni təkan verə və münaqişənin həlli istiqamətində əlavə imkanlar yarada bilər./KONKRET.az























