Nigeriyanın Taraba ştatında cümə namazı üçün toplaşan insanlara silahlı hücum nəticəsində ölənlərin sayı 62-yə yüksəlib. Hadisə zamanı daha 52 nəfər yaralanıb, yüzlərlə sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Referans Media xəbər verir ki, Nigeriya Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (NEMA) Taraba ştatı üzrə direktoru Ladan Ayuba bildirib ki, oktyabrın 23-də Binnari kəndində baş verən hücumla bağlı araşdırma davam edir.
Taraba ştatı polisinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Viktor Mşelizah bölgədə araşdırma və axtarış tədbirlərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, yeni cəsədlər aşkarlandıqca ölənlərin ümumi sayı arta bilər.
“Ərazidə hələ də əməkdaşlarımız fəaliyyət göstərir. Cəsədlər aşkarlandıqca onları da ümumi saya əlavə edəcəyik”, – deyə o bildirib.
Məlumata görə, oktyabrın 23-də silahlı şəxslər Binnari kəndində cümə namazı qılmaq üçün toplaşan insanlara atəş açıblar. Hadisədən sonra yayılan ilkin məlumatlarda 10 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilmişdi. Son açıqlamada isə ölənlərin sayının 62-yə çatdığı qeyd olunub. Hücum nəticəsində yüzlərlə insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.
Nigeriya son illərdə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələrin, eləcə də “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu kimi tanınan ISWAP terror qruplaşmalarının hücumları ilə mübarizə aparır.
Binnari kəndindəki hücumun məsuliyyətini kimin üzərinə götürdüyü barədə təqdim olunan məlumatda açıqlama verilməyib.
