“İrəvanda keçmiş Qarabağ separatçılarının nümayəndəliyinin binası dövlətə veriləcək”. Xəbər verildiyi kimi, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
“Ermənistan Respublikasında iki dövlət və ya iki hökumət ola bilməz. Sizin göstərdiyiniz adla bir struktur ola bilməz. Bina Ermənistan Respublikasına veriləcək. Təkrar edirəm: Ermənistan Respublikasının Baş naziri olaraq, dövlət daxilində dövlət, ikinci hökumət və ya ikinci parlament yaratmaq cəhdlərini qəti şəkildə dayandıracağam”, - deyə Paşinyan “Güclü Ermənistan” fraksiyasının deputatı Aregi Ovsepyanın təxribatçı sualını cavablandırarkən bildirib.
Əslində Nikol Paşinyan bununla revanşistlərə meydan oxuyub. Paralel surətdə Bakıya mühüm reverans edib, sülh gündəliyinə sadiq olacağına işarə vurub. Bəs sözünü necə, tuta biləcəkmi? Ermənistanda uydurma təsisatlar həqiqətənmi ləğv olunacaqmı, erməni separatçılığının kökü kəsiləcəkmi?
Referans Media xəbər verir ki, Professor Qabil Hüseynli Musavat.com-a Paşinyanın riyakarlığa yol verdiyini açıqlayıb.
Bundan əvvəl Paşinyanın çıxışlarında "artsax" ifadəsini dilə gətirdiyini yada salan politoloq hesab edir ki, onu bu cür düşünməyə vadar edən müharibənin yaratdığı reallıqlardır: "Söhbət təkcə hərbi qələbədən getmir. Regionda siyasi mənzərə dəyişdi, güc balansı Rusiyanın əleyhinə oldu, Türkiyə bölgəyə daxil oldu və Cənubi Qafqazda təsiri artdı. Bu da Ermənistanda iqtidarın mövqeyinə düzəliş etməkdə rol oynadı. Həmin Paşinyandır ki, Qarabağda rus qoşunlarının 30 il qalmasına qol çəkməyə hazır olduğunu bildirmişdi. Deməli, başqasının ərazisində qondarma respublikanın olmasını dəstəkləyirsən, özünə gələndə rəva bilmirsən".
Qabil Hüseynli hesab edir ki, bu açıqlama ilk baxışdan pozitivdir, lakin qane etmir: "Hakimiyyət real addımlar atmalıdır. Onlardan biri də separatçı düşərgənin bütün fəaliyyətinə qadağa olmalıdır. Hələlik buna nail olmaq çətin görünür. Çünki Qarabağdan gedənlər müxalifətlə birgə hərəkət edir. Bu da bəzi çətinliklər yaradır. Amma gedişat göstərir ki, onların qol-qanadı qırılıb. Yəni bir yandan Paşinyan erməni xislətini gizlədə bilmir, o bir tərəfdən isə reallıqları qəbul edir. Baş nazir anlayır ki, Azərbaycanla barışıq olmasa, Rusiya yenə qarşıdurma yaradacaq. Bu təhlükəni tam dəf etməyin yolu İrəvanda separatçıların tifağını dağıtmaqdır. Onlar zəhərli adamlardır və bu risklərin qarşısı alınmalıdır".
