Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində baş tutub.
Görüşün mahiyyəti və nəticələri haqqında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans.az-a açıqlamasında danışıb.
“Sonuncu dəfə liderlər bu il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində görüşüblər. O zaman danışıqların məhsuldar keçdiyinə dair məlumatlar yayılmışdı. Liderlərin Əbu-Dabi görüşü gələcəkdə atılacaq addımlar baxımından vacib sayılır. Bu görüş Azərbaycan və Ermənistan arasında sülh sazişi və ya müqaviləsinin imzalanması, normallaşma prosesi üçün ciddi təkan ola bilər. İndiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət olaraq dəyərləndirilir. Əvvəla, tərəflər sülh sazişi layihəsinin mətni ilə bağlı müzakirələri artıq tamamlayıblar. İkincisi isə mövcud geosiyasi reallıqlar sülh prosesinin tezliklə başa çatdırılmasının hər iki tərəfin xeyrinə olduğunu göstərir. Budəfəki görüş yeri kimi məhz Əbu-Dabinin seçilməsi xüsusi mahiyyət daşıyır. BƏƏ Azərbaycana dost ölkə olmaqla yanaşı, indiyədək nə münaqişənin gedişində tərəf tutub, nə də danışıqlarda moderatorluq etmək uğrunda mübarizə aparıb. Bu mənada, görünən odur ki, Əbu-Dabi məhz Azərbaycan tərəfinin təklifi ilə neytral danışıq meydançası olaraq seçilib”.
Siyasi-şərhçi “Bəs bu görüş çərçivəsində ilkin sülh sənədi imzalana bilərmi?” sualını da cavablandırıb.
“Təbii ki, son nəticə sülhün bərqərar olmasıdır. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcud olduğu, İrəvanın regional kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi şəraitdə Azərbaycanın müqaviləyə imza atacağı real görünmür. Bununla yanaşı, Əbu-Dabi görüşündə yekun sülhə doğru vacib addımların atılması da istisna deyil. Kommunikasiyaların açılmasından söz düşmüşkən, Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin də aparıldığını demək olar. Bu günlərdə ABŞ rəsmisi Ceyms O’Brayn bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Aralıq dənizindən Qara dənizə çıxaraq Qazaxıstandan Türkiyəyə uzanan ticarət yoluna sahib olmaq imkanı verəcək: “Bu marşrut Azərbaycan ərazisindən keçərək Gürcüstana Qara dənizə qədər uzanan başqa bir marşrutu tamamlayacaq. Bu iki marşrut birlikdə Orta Asiya ölkələrinə Rusiya və ya Çindən asılı olmayaraq dünya bazarına çıxış imkanı verəcək. Biz bu ehtimalı qətiyyətlə dəstəkləyirik””.
Sədrəddin Soltan bildirib ki, O’Brayen Orta Dəhlizdən bəhs edərkən Zəngəzur dəhlizini dəstəklədiklərini də qeyd edib.
“Ermənistanın baş naziri də bu yaxınlarda verdiyi açıqlamada Zəngəzur yolunun Latviyadan keçən Kalininqrad yolu statusunda olmasına etiraz etmədiklərini bildirib. Bir müddət əvvəl isə o, yola nəzarəti ABŞ şirkətlərinə verə biləcəklərini istisna etməmişdi. Aparıcı güclərin bu yolun açılmasında maraqlı olması rəsmi İrəvanın da mövqeyinin Azərbaycan və Türkiyənin irəli sürdükləri təşəbbüsə yaxınlaşmasına imkan verir. Bu mənada, rəsmi Bakı həm də isbat edir ki, bölgənin gələcəyi məhz onun liderliyi ilə müəyyən edilir. Görünən odur ki, bu reallıqları artıq Ermənistan da qəbul etməkdədir”.
Fidan Vəlisoy
