30 oktyabr 2026-cı ildə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammiti Bakı-Ankara gərginliyinin azaldılması üçün mühüm diplomatik fürsət ola bilər. Ancaq münasibətlərin tam normallaşması təkcə sammitdə veriləcək bəyanatlardan yox, tərəflərin hazırkı fikir ayrılıqlarını necə həll etməsindən asılı olacaq.
Bəlli olduğu kimi, ötən həftə Türkiyə prezidenti azərbaycanlı həmkarına zəng edərək onu sammitə dəvət edib. Bu baxımdan, münasibətlərin inkişafı üçün mühüm bir həftədir.
Yada salaq ki, Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan edib. Eləcə də 7 jurnalist barəsində beynəlxalq axtarış təşəbbüsünü açıqlayıb. Türkiyənin xarici işlər naziri oktyabrın ortalarında Bakıda bildirib ki, iki ölkə arasında fikir ayrılıqları strateji münasibətlərə zərər vurmamalı, problemlər dialoq yolu ilə həll edilməlidir.
Oktyabrın 30-da keçiriləcək sammitdə Türkiyə təşkilatın sədrliyini Azərbaycandan qəbul etməlidir. Bu keçid tərəflərə münasibətləri açıq qarşıdurma deyil, əməkdaşlıq çərçivəsində saxlamaq üçün əlavə motivasiya yarada bilər.
Bu sammitdən gözləntilər nələrdir? Bakı-Ankara arasında gərginlik geridə qalacaqmı?
Referans Media xəbər verir ki, politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün həm türk dünyasının gələcək əməkdaşlıq gündəliyi, həm də Azərbaycan–Türkiyə münasibətlərində son günlər yaranmış gərginliyin müzakirəsi baxımından diqqət mərkəzində olması təbiidir: “Məlumdur ki, “Türk əsri: ortaq dil, fikir və əməl” mövzusuna həsr olunan sammitdə siyasi əməkdaşlıq, ticarət, investisiyalar, nəqliyyat bağlantıları, enerji, rəqəmsal transformasiya və mədəni-humanitar əlaqələrin inkişafı müzakirə ediləcək. Türkiyə eyni zamanda TDT Nizamnaməsinə uyğun olaraq təşkilatın sədrliyini Azərbaycandan təhvil alacaq.
Sammitin əsas gözləntilərindən biri türk dövlətləri arasında institusional əməkdaşlığın gücləndirilməsidir. Xüsusilə Orta Dəhlizin inkişafı, Xəzər hövzəsi vasitəsilə nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya üzv ölkələrin ortaq maraqlarına cavab verir. Ankara görüşündə qəbul ediləcək bəyannamə və digər sənədlər bu istiqamətlərdə əməkdaşlığın növbəti mərhələsini müəyyənləşdirə bilər. Yeni baş katibin təyin olunması və təşkilatın strateji prioritetlərinin müzakirəsi də sammitin əhəmiyyətini artırır”.
Politoloq deyib ki, Bakı ilə Ankara arasında son zamanlar müşahidə olunan arzuolunmaz vəziyyətə, gərginliyə uzun müddətdən bəri Türkiyədə Azərbaycana qarşı aparılan genişmiqyaslı dezinformasiya və qaralama kampaniyasının səbəb olduğunu gizlətmək mümkün deyil: “Bu kampaniyanın zamanında dərhal durdullmamasının mənfi nəticələri bu gün ortadadır. Son 3 ildə Türkiyə mediasında, rəqəmsal platformalarda və siyasi dairələrdə Azərbaycana qarşı dözümsüzlük, əsassız tənqid və bəzən açıq təhqir elementləri daşıyan sistemli fəaliyyətin təşkil edildiyi açıq görünürdü. Azərbaycan tərəfi iki qardaş ölkə arasındakı strateji müttəfiqliyə xələl gəlməməsi üçün bu təhlükəli gedişat barədə dəfələrlə rəsmi və qeyri-rəsmi kanallarla Ankaraya narahatlığını bildirib, bu yanlış xətdən imtina edilməsinin vacibliyini istəyib.
Ancaq Azərbaycandan edilən bu müraciətlərə uzun müddət lazımi reaksiya verilməyib, prosesə göz yumulub. Nəticədə anti-Azərbaycan propaqandası əndazəni aşdı. Prosesə Türkiyə Prezidentinin baş danışmanı, AKP deputatları qoşuldu. Bütün bunlar Azərbaycanda haqlı narazılıq doğurdu. İndi Saralın vəzifəsindən götürülməsi müsbət addım olsa da hər şey və hər şeyin həll edildiyi demək deyil. Saral axı tək deyildi. Saral kimi çoxlu sayda isimlər var ki, Azərbaycana qarşı sanki düşmən kimi fikirlərini səsləndiriblər. Onların hər biri barədə qanuni tədbir görülməsi iki qardaş dövlətin münasibətləri, eləcə də hətta TDT üçün zəruridir. Müəyyən addımlar var ki, onların atılması lazımdır. Bu zaman Ankara sammiti də Bakı-Ankara münasibətlərində yaranmış gərginliyin aradan qaldırılmasına mühüm töhfə verə bilər”.
