Tarlada heyvan yemi kimi atılırdı: İndi kilosu bu qiymətə satılır

Türkiyənin Bilecik vilayətinin Pazaryeri rayonunda mayaotu bitkisinin inkişafı üçün budanaraq tarlada saxlanılan zoğlar Avropada lüks qastronomiya məhsuluna çevrilib. Fermerlərin bir qisminin tullantı kimi atdığı, bəzilərinin isə heyvan yemi kimi istifadə etdiyi bu zoğların bir kiloqramı mövsümün ilk yığımında 1 000 avroya – təxminən 1 845 manata satılır.

Referans Media xəbər verir ki, “Hop Shoots” adı ilə tanınan mayaotu zoğları xüsusilə Belçika, Fransa və İngiltərədə bahalı qida məhsulları sırasında yer alır. Mövsümün ilk yığımında keçirilən hərraclarda məhsulun qiyməti yüksək həddə çatır. Yığım dövrü irəlilədikcə qiymət müəyyən qədər azalsa da, zoğlar lüks qida məhsulu kimi dəyərini qoruyur.

Pazaryerində fermerlər mayaotunun əsas məhsulu olan qozaların daha yaxşı inkişaf etməsi üçün yaz aylarında bitkinin dibindən çıxan ilk zoğları budayırlar. Kəsilən zoğların kommersiya dəyəri kifayət qədər bilinmədiyindən onların bir hissəsi tarlada çürüməyə buraxılır, digərləri isə heyvan yemi kimi istifadə olunur.

Məhsulun baha olmasının əsas səbəblərindən biri yığım müddətinin qısa olmasıdır. Kövrək quruluşuna görə texnika ilə toplana bilməyən zoğlar əl ilə, bir-bir yığılır. Bu proses isə ildə cəmi 3-4 həftə davam edir.

Görünüşünə görə qulançarı xatırladan mayaotu zoğları özünəməxsus dadı və ətri ilə seçilir. Avropada Mişlen ulduzlu restoranların menyularında yer alan məhsul əsasən dəniz məhsulları ilə birlikdə və ya xüsusi qəlyanaltı kimi təqdim edilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki