Bakı və ətraf ərazilərdə evi olanlara ŞAD XƏBƏR- BÖYÜK QAZANC

Bakıda və ətraf ərazilərdə daşınmaz əmlak qiymətlərinin növbəti ildə də artacağı gözlənilir. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Ajans.az-a açıqlamasında bildirib ki, 2027-ci ildə daşınmaz əmlak bazarında ümumi deyil, daha çox selektiv qiymət artımı gözlənilir. Onun sözlərinə görə, iri infrastruktur layihələrinin həyata keçirildiyi, yeni yolların çəkildiyi, tunellərin inşa olunduğu, parkların salındığı və abadlıq işlərinin aparıldığı ərazilərdə qiymətlər bir neçə mərhələdə yüksələ bilər.

Referans Media-ın məlumatına görə, Vüqar Oruc qeyd edib ki, 2026-cı ildə olduğu kimi, 2027-ci ildə də Səbail, Nərimanov, Nəsimi, Yasamal və Xətai rayonlarında qiymət artımının digər ərazilərlə müqayisədə daha yüksək olması ehtimalı var.

İnfrastruktur layihələri ilə gündəmə gələn ərazilər:

Səbail, Nərimanov, Nəsimi, Yasamal və Xətai – şəhərsalma, abadlıq, tikinti və infrastruktur layihələrinin təsir göstərə biləcəyi əsas rayonlar.

Ağ Şəhər – ərazinin inkişafı və yeni urbanistik layihələr baxımından perspektivini qoruyur.

Əhmədli – infrastruktur və yaşayış layihələri ilə bağlı potensialı olan istiqamətlərdən biridir.

8 Noyabr prospekti və Babək prospekti – bu istiqamətlərdə həyata keçiriləcək layihələrin əmlakın bazar dəyərinə təsir göstərə biləcəyi gözlənilir.

Ekspertin sözlərinə görə, sözügedən ərazilərdə həyata keçirilən layihələr onların perspektivini daha da artıracaq: “Əsasən daha çox yeni yolların salındığı, metro layihələrinin həyata keçirildiyi, şəhərsalma baxımından perspektivli ərazilərdə ən çox artım olacaq. 2027-ci ildə ümumiyyətlə götürdükdə selektiv artım olacaq. Hansı yerlərdə ki böyük layihələr həyata keçirilir, abadlaşdırma işləri aparılır, söküntü və söküntüdən sonrakı yeni yolların salınması, tunellərin inşası və parkların salınması layihələri mövcuddur, həmin ərazilərdə bir neçə mərhələli qaydada qiymət artımı baş verəcək”.

Bakıətrafı ərazilərdə də bahalaşma potensialı var

Qiymət artımı ehtimalı yalnız paytaxtın mərkəzi rayonları ilə məhdudlaşmır. Ekspert Bakıətrafı yaşayış məntəqələrində də daşınmaz əmlakın bahalaşması üçün potensial olduğunu düşünür. Onun sözlərinə görə, Xırdalan, Masazır, Saray və Məhəmmədli kimi yaşayış məntəqələrində xüsusilə nəqliyyat əlaqələrinin yaxşılaşması, kommunal və sosial infrastrukturun inkişafı qiymətlərə təsir edə bilər.

Vüqar Oruc nəqliyyat əlçatanlığının bu prosesdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Xüsusilə də paytaxtla nəqliyyat əlaqəsi yaxşılaşan, kommunal və sosial infrastrukturu inkişaf edən, nəqliyyat əlçatanlığı üçün şərait yaradılan ərazilərdə qiymət artımı daha yüksək şəkildə baş verəcək. Yəni tikinti həcminin pay etibarilə düşdüyü, daha çox hissəsinin düşdüyü ərazilərdə qiymət artımı qaçılmazdır”.

Mənzilə tələbat qiymətləri yüksəldəcəkmi?

Ekspert hesab edir ki, ölkədə mənzil və ümumilikdə daşınmaz əmlaka tələbat mövcuddur. Bununla belə, həmin tələbatın vətəndaşların əməkhaqları və aylıq gəlirləri ilə tam uyğunlaşmadığını da nəzərə almaq lazımdır. Sosial layihələrin miqyasının, əhatəsinin genişlənməsi, mənzil əldə etmək imkanlarının artırılması və kredit mexanizmlərinin əlçatanlığı bazarda qiymət artımına əlavə stimul verə bilər. Bu imkanlardan istifadə edərək əldə edilən yeni mənzillər daşınmaz əmlak bazarına əlavə dinamika gətirəcək.

Söküntülər mənzil və kirayə qiymətlərinə necə təsir edir?

Söküntü layihələri çərçivəsində kompensasiya alan vətəndaşların bazara yönəlməsi də qiymətlərə təsir edən amillərdən biridir. Vüqar Oruc bu təsirin iki fərqli formada ortaya çıxdığını bildirib. Birinci halda, söküntü aparılan ərazidə yeni bina tikilirsə və vətəndaşlara həmin binada mənzil təqdim olunana qədər kirayə kompensasiyası ödənilirsə, onlar müvəqqəti yaşayış üçün kirayə bazarına üz tuturlar. Bu isə kirayə mənzillərinə tələbatı artırır.

Ekspertin sözlərinə görə, kirayə və satış bazarları arasında qarşılıqlı əlaqə olduğundan, kirayə qiymətlərindəki yüksəliş satış qiymətlərinə də təsir göstərə bilər: “Əgər həmin ərazidə mənzil, bina tikilirsə, o zaman müvəqqəti olaraq kirayə üçün kompensasiya verilir, vətəndaşlar gözləsin, mənzil, bina tikilib qurtarsın, ondan sonra orada mənzillə təmin olunsunlar. Bu zaman vətəndaşlar kirayə seqmentinə üz tuturlar. Bu, kirayə qiymətlərinin artmasına səbəb olur. Avtomatik kirayə qiymətləri ilə mənzillərin satış qiymətləri arasında əlaqə mövcuddur – düz mütənasiblik. Yəni o tələbat artdıqca kirayədə, avtomatik bu, mənzillərin qiymətinə təsir göstərir və qiymət artımı baş verir”.

İkinci halda isə söküntü nəticəsində vətəndaşlara əmlaklarının dəyərinə uyğun kompensasiya ödənilir. Bu zaman həmin şəxslər yeni yaşayış yeri əldə etmək üçün birbaşa satış bazarına müraciət edirlər. Beləliklə, kompensasiya alan vətəndaşların yeni mənzil və fərdi yaşayış evləri almaq üçün bazara daxil olması müəyyən ərazilərdə alıcı sayını artıra, nəticədə qiymətlərə təsir göstərə bilər: “İkinci variant odur ki, söküntü həyata keçirilir, həmin ərazilərdə parklar, tunellər, yollar salınır və belə olan halda da vətəndaşa birbaşa kirayə yox, öz əmlakının qiyməti qədər, dəyəri qədər kompensasiya ödənilir. Və vətəndaş həmin kompensasiya ilə yenə də daşınmaz əmlak bazarına – amma bu dəfə kirayə seqmentinə yox, satış seqmentinə – müraciət edir, yeni mənzillər alır. Bu da yeni alınan mənzillər və yaxud fərdi yaşayış evləri həmin daşınmaz əmlak seqmentlərində qiymətlərin artımı ilə nəticələnir. Yəni bütün variantlarda söküntü nəticəsində alınan kompensasiyalar daşınmaz əmlak bazarında qiymətlərin artımına səbəb olur”.

İlin sonuna qədər mənzillər və torpaqlar neçə faiz bahalaşa bilər?

Vüqar Oruc ilin sonuna qədər daşınmaz əmlak bazarında qiymət artımının davam edəcəyini gözləyir. Onun əvvəlki proqnozlarına əsasən, mənzillərdə təxminən 5 faiz, torpaq sahələrində isə 7-8 faiz artım ehtimalı nəzərdə tutulub: "Əvvəlki proqnozların özünü doğrultması fonunda mənzil qiymətlərində yüksəliş davam edir. İlin sonuna yaxın alıcı və sahibkarların maliyyə imkanlarını yenidən nəzərdən keçirməsi, əlavə kapitalın daşınmaz əmlaka yönəldilməsi də bazarda aktivliyi artıra bilər. İlin sonudur, sonunda vətəndaşlar, sahibkarlar büdcələrinə növbəti dəfə revizə edirlər, yəni baxış edirlər və əlavə kapital varsa, həmin kapitalı mütləq daşınmaz əmlaka yönəldirlər. Alqı-satqı bazarında aktivliyin ola bilmə ehtimalı var ki, bu da qiymətlərin artmasına səbəb olacaq və bu dinamikanı artıracaq”.

Ekspertin diqqət çəkdiyi məqamlardan biri torpaq sahələrinin regionlarda daha yüksək sürətlə bahalaşması ehtimalıdır. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı, uzun müddət Bakı ilə digər şəhər və rayonlar arasında əmlak qiymətlərində mövcud olmuş fərqin tədricən azalması bu tendensiyaya təsir göstərir.

Vüqar Oruc Naxçıvan, Gəncə, Sumqayıt və işğaldan azad edilmiş Qarabağ ərazilərini qiymət artımı potensialı olan istiqamətlər arasında göstərib.

Bununla yanaşı, rayon mərkəzləri və turizm imkanları olan ərazilərdə də daşınmaz əmlakın dəyərinin sürətlə yüksəldiyini bildirib: “Torpaq sahələri regionlarda daha yüksək sürətlə artır. Bura regionların sosial-iqtisadi inkişaf proqramları və ümumiyyətlə regionlarda uzun müddət əmlak qiymət artımı dinamikasının mərkəzdən, yəni Bakı şəhərindən fərqli olması və indi hal-hazırda arada olan fərqin, belə deyək, kompensasiya edilməsi dövrüdür. Naxçıvan, Gəncə, Sumqayıt, Qarabağ – işğaldan azad olunan torpaqlar – bu istiqamətdə ciddi şəkildə əmlakın qiymətinin artımı potensialı mövcuddur və bu indi də baş verir. Eyni zamanda rayon mərkəzləri, xüsusilə də turizm imkanları olan ərazilər və qiymət artımı orada günbəgün yox, saatbasaat baş verir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki