Telefondan çox istifadə edənlərin diqqətinə!

Smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də uzun müddət telefondan istifadə bədənin müxtəlif nahiyələrində narahatlıqlara səbəb ola bilər. Xüsusilə telefonu aşağıda tutaraq uzun müddət eyni vəziyyətdə qalmaq boyun, çiyin və bel nahiyəsinə əlavə yük salır. Mütəxəssislər bu vəziyyəti bəzən “texnoloji boyun” (tech neck) adlandırırlar.

Referans Media xəbər verir ki, uzun müddət ekrana baxan insanlarda ilk nəzərə çarpan dəyişikliklərdən biri boyun və çiyin ağrılarıdır. Fizioterapevtlər bildirirlər ki, başın uzun müddət önə əyilməsi boyun əzələlərinin gərginləşməsinə, çiyinlərin önə düşməsinə və zamanla xroniki ağrılara səbəb ola bilər. Bəzi hallarda ağrı qollara və əllərə də yayıla bilər.

Gözlər də uzunmüddətli telefon istifadəsindən təsirlənir. Ekrana fasiləsiz baxmaq göz quruluğu, yanma, yorğunluq və müvəqqəti bulanıq görmə yarada bilər. Mayo Clinic mütəxəssisləri qeyd edir ki, ekran qarşısında insan daha az göz qırpdığı üçün gözlər daha tez quruyur.

Telefonun xüsusilə yatmazdan əvvəl istifadəsi yuxu rejiminə də təsir göstərə bilər. Ekrandan gələn parlaq işıq və uzun müddət aktiv qalmaq yuxuya getmə prosesini çətinləşdirə bilər. Mayo Clinic mütəxəssisi Virend Somers yatmazdan təxminən bir saat əvvəl smartfon da daxil olmaqla ekranlardan uzaq qalmağı tövsiyə edir.

Digər tərəfdən, telefondan istifadə zamanı uzun müddət hərəkətsiz qalmaq da problem yaradır. Bədən eyni vəziyyətdə qaldıqca əzələlərdə gərginlik artır və fiziki aktivlik azalır. Buna görə mütəxəssislər telefon qarşısında uzun müddət oturmaq əvəzinə mütəmadi fasilələr verməyi, boyun və çiyinləri hərəkət etdirməyi tövsiyə edirlər.

Mütəxəssislərin sadə tövsiyəsi isə belədir: telefonu göz səviyyəsinə yaxın saxlayın, uzun müddət eyni vəziyyətdə qalmayın və mütəmadi fasilələr verin. Gözləri qorumaq üçün isə 20 dəqiqədən bir uzaqdakı obyektə baxmaq və gözləri dincəltmək faydalı ola bilər./Sfera.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki