Dövlət büdcəsindən maliyyələşən qurumların büdcədənkənar vəsaitlərindən istifadəyə yeni qaydalar müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, bu vəsaitlərin işçilərin sosial müdafiəsinə yönəldilən hissəsindən yalnız müəyyən kateqoriyaya aid işçilər üçün istifadə olunacaq, qalan vəsaitlər isə dövlət büdcəsinə köçürüləcək. Eyni zamanda, büdcədənkənar vəsaitlər hesabına verilən maaş əlavələri, mükafat və digər ödənişlərə yuxarı hədlər müəyyən edilir.
Qeyd edək ki, bu məsələ gündəmə gələndən işçilər arasında narazılıqla qarşılanıb. Bəziləri qeyd edir ki, mükafatlar onsuz da yüksək olmayan maaşlarını müəyyən qədər tamamlayırdı. Yeni qaydalar dövlət qurumlarında çalışanların gəlirlərinə necə təsir göstərəcək?
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, yeni qaydaların dövlət qurumlarında çalışanların gəlirlərinə təsiri eyni olmayacaq: "Büdcədənkənar vəsaitlər hesabına mütəmadi olaraq maaş əlavəsi və mükafat alan işçilər üçün faktiki gəlirin azalması mümkündür. Xüsusilə, əsas əməkhaqqı aşağı olan və ümumi gəlirinin müəyyən hissəsini mükafatlar hesabına formalaşdıran əməkdaşlar bunu daha ciddi hiss edə bilərlər. Ona görə də narazılığın yaranması müəyyən mənada başadüşüləndir.
Digər tərəfdən, burada dövlət vəsaitlərinin idarə olunması baxımından əsas məqsəd büdcədənkənar gəlirlərin qeyri-məhdud şəkildə əməkhaqqına və müxtəlif əlavələrə yönəldilməsinin qarşısını almaqdır. Əgər eyni dövlət sistemində bir qurumun əməkdaşı büdcədənkənar gəlirlər hesabına yüksək mükafat alır, digər qurumun əməkdaşı isə yalnız tarif maaşı ilə kifayətlənirsə, bu, dövlət sektorunda gəlirlər üzrə ciddi fərqlər yaradır. Yeni məhdudiyyətlər müəyyən qədər bu fərqlərin aradan qaldırılmasına və maliyyə intizamının gücləndirilməsinə xidmət edə bilər. Amma problemin başqa tərəfi də var".
Ekspert qeyd edib ki, əgər dövlət qurumunda əməkdaşın ümumi gəliri uzun müddət ərzində aşağı əsas maaş və büdcədənkənar mükafat hesabına formalaşıbsa, mükafatın məhdudlaşdırılması onun gəlirini azaltmaqla yanaşı, motivasiyaya da mənfi təsir göstərə bilər: "Xüsusilə ixtisaslı kadrların çalışdığı qurumlarda bu məsələ daha həssasdır. İnsanların gəlirinin azalması kompensasiya olunmadan yalnız mükafat mexanizminin məhdudlaşdırılması işə marağın zəifləməsinə səbəb ola bilər. Buna görə əsas məsələ mükafatların tamamilə aradan qaldırılması yox, onların şəffaf və əsaslandırılmış mexanizm üzrə verilməsidir. Əməkdaşın əlavə gəliri onun vəzifəsi, nəticələri, iş yükü və məsuliyyəti ilə əlaqələndirilməlidir. Eyni zamanda, aşağı vəzifələrdə çalışanların gəlirlərinin azalmasının qarşısını almaq üçün əsas əməkhaqqının mərhələli şəkildə artırılması daha sağlam yanaşma olardı".
İqtisadçının sözlərinə görə, büdcədənkənar vəsaitlərin qalan hissəsinin dövlət büdcəsinə yönəldilməsi isə dövlət maliyyəsinin vahid idarə olunmasını gücləndirə bilər: "Lakin bunun müsbət nəticəsi yalnız həmin vəsaitlərin sonradan daha səmərəli və şəffaf şəkildə xərclənməsindən asılı olacaq. Əks halda, bir tərəfdən işçinin mükafatını azaltmaq, digər tərəfdən isə həmin vəsaitin dövlət büdcəsində necə istifadə olunduğunu aydın göstərməmək narazılığı daha da artıra bilər. Yəni yeni qaydalar dövlət maliyyəsinin nizamlanması baxımından məntiqli ola bilər, amma sosial baxımdan keçidi düzgün idarə etmək lazımdır. Əgər mükafatların azalması əsas maaşların artırılması və daha ədalətli əəməkhaqqı əsistemi ilə müşayiət olunmasa, bu dəyişikliklər dövlət qurumlarında çalışanların real gəlirlərinin azalmasına gətirib çıxara bilər"./musavat.com/
