Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX/FSB) "Telegram" messencerinin qurucusu və baş direktoru Pavel Durov barədə "terror fəaliyyətlərinə yardım" ittihamı ilə beynəlxalq axtarış qərarı çıxarıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, FSB-nin yaydığı məlumata görə, "Telegram" rəhbərliyi Rusiyada terror və təxribat aksiyalarının təşkilində istifadə edildiyi iddia olunan bəzi kanalların və botların fəaliyyətini dayandırmayıb.
Qurumun açıqlamasında Pavel Durov barəsində "terror fəaliyyətlərinə yardım" maddəsi üzrə araşdırma aparıldığı və onun beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edildiyi bildirilib.
Ukrayna kəşfiyyatı ilə bağlı iddialar irəli sürüldü
FSB iddia edib ki, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terror və ekstremist qruplar "Telegram"dakı çoxsaylı kanallar, qruplar və botlardan Rusiyada təxribat, terror hücumları, kütləvi qətllər və kiberdələduzluq fəaliyyətlərini planlaşdırmaq üçün istifadə edib.
Rusiya tərəfi "Telegram" rəhbərliyini bu fəaliyyətlərin qarşısını almaq üçün kifayət qədər tədbir görməməkdə ittiham edib.
"Telegram"a giriş məhdudlaşdırılmışdı
Qeyd edək ki, Rusiyada daha əvvəl "Telegram"a giriş məhdudlaşdırılmış, şirkətə isə ümumi məbləği 100 milyon rubldan çox olan cərimələr tətbiq edilmişdi.
Kremlin sözçüsü Dmitri Peskov iyulun 27-də verdiyi açıqlamada "Telegram"ın yenidən tam fəaliyyətə başlaması ilə bağlı danışıqların davam etdiyini, lakin şirkət nümayəndələrinin bu prosesdə kifayət qədər fəal olmadığını bildirmişdi.
"Telegram" hazırda Rusiyada ən populyar mesajlaşma və sosial media platformalarından biri hesab olunur.
