Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb.

Referans Media bildirir ki, mövcud vəziyyətin təhsil prosesinə təsiri ilə bağlı ekspert Elçin Əfəndi Musavat.com-a danışıb.

EFENDİ.jpg (31 KB)

Ekspert bildirib ki, yeni dərs ilinin ilk günlərində artıq müəyyən neqativ məqamlar müşahidə olunur:

"Nəzərə alsaq ki, bir neçə gündür yeni dərs ilinə başlamışıq və ötən həftə keçirilən dərslər zamanı müəyyən neqativ məqamların şahidi olmuşuq. Bilirsiniz ki, hazırda metro istiqamətində təmir və tikinti işləri aparılır. Bu baxımdan ictimai nəqliyyatda sərnişindaşımanın yükü artıb. Bu da bəzi hallarda sərnişinlərin, xüsusilə tələbələrin, digər təhsilalanların, eləcə də təhsil verənlərin mənzil başına çatmasında problemlərin yaranmasına səbəb olur. Yollarda tıxacların olması və onların hərəkətinə maneə yaratması, əlbəttə ki, heç də xoşagələn hal deyil".

Ekspert problemin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu deyib:

"İlkin yanaşma kimi bəzi laboratoriya şəraiti tələb olunmayan ixtisas və fənlər üzrə dərsləri distant formada təşkil etmək olar. İkinci yanaşma isə dərs saatlarında müəyyən dəyişikliklərin edilməsi ola bilər. Əsasən pik saatlarda dərsləri təyin etmək doğru deyil. Dərslərin başlanma vaxtını bir qədər gecikdirmək, məsələn, saat 08:00-da deyil, 10:00-da və ya 11:00-da başlamaqla da müəyyən qədər vəziyyətə təsir göstərə bilərik. Amma bilirsiniz ki, istənilən halda mövcud vəziyyət ümumi dərs və iş qrafikinə öz mənfi təsirini göstərəcək. Çünki qeyd etdiyim kimi, həm metroda təmir-tikinti işlərinin aparılması, həm ildən-ilə plan yerlərinin artması, xüsusilə də paytaxtda ali təhsil müəssisələrinin çoxluğu ümumi prosesə təsir göstərir. Təkcə tam orta təhsil müəssisələrində təxminən 600 minə yaxın şagird təhsil alır. Nəzərə alaq ki, orta ixtisas, peşə və ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alanların da böyük əksəriyyəti paytaxtda cəmləşib. Bu da şəhərdəki sıxlığa təbii olaraq təsir göstərir".

Elçin Əfəndinin fikrincə, optimal üsullardan biri bəzi fənlərin distant formada tədris edilməsidir:

"Həmin dərsləri həftənin ilk günlərinə, məsələn, bazar ertəsi və çərşənbə axşamına təyin etmək, digər fənləri isə həftənin üçüncü, dördüncü və beşinci günlərində ənənəvi qaydada keçirmək olar. Eyni zamanda, həftəsonu ənənəvi dərslərin, həftənin əvvəlində isə distant dərslərin təşkili kimi müxtəlif modellərdən də istifadə etmək mümkündür. Düşünürəm ki, belə yanaşmalar şəhərdəki sıxlığın azaldılmasına müəyyən qədər müsbət təsir göstərə bilər".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki