Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr tarixlərində keçirdiyi antiterror əməliyyatından 3 il ötür. 3 il öncə bu gün ordumuz Qarabağda xunta rejiminə tamamilə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü tam anlamında təmin etdi. Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş separatçı-terrorçu rejimin “liderləri” Dövlət Təhlükəsizliyi Xidməti və xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində həbs edilərək ədalət qarşısına çıxarıldı.
Bununla da Azərbaycan postsovet məkanında ərazi münaqişəsinə son qoyan və ərazi bütövlüyünü təmin edən ilk ölkə kimi tarixə keçdi. Bununla belə, bu tarixi olayı tam yaxşı analamaq üçün ətraflı baxmağa ehtiyac var.
Antiterror əməliyyatı 44 günlük Vətən müharibəsinin ardınca Azərbaycanın hərbi-siyasi strategiyasının növbəti və həlledici mərhələsi oldu. Əslində, 2020-ci ildən sonra formalaşmış vəziyyətin yaratdığı hərbi-siyasi ziddiyyətlərin yekunlaşdırılması, Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyulması, nəticə etibarilə ölkənin ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi baxımından bu əməliyyat çox vacib idi.
Əməliyyatın özəlliyi ilk növbədə onun sürəti, hədəflərin xarakteri və qarşıya qoyulan hərbi məqsədlərin qısa müddətdə reallaşdırılması ilə diqqət çəkirdi. Sentyabrın 19-da başlayan döyüşlər zamanı Azərbaycan Ordusu qarşı tərəfin ön xətt və dərinlikdə yerləşən mövqelərini, uzunmüddətli atəş nöqtələrini, artilleriya və digər hərbi vasitələrini yüksək dəqiqlikli silahlarla sıradan çıxarmağa başladı. Müdafiə Nazirliyinin sentyabrın 20-də verdiyi məlumatda həmin vaxta qədər 90-dan çox döyüş mövqeyi və bir neçə strateji yüksəkliyin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi qeyd edilmişdi.
Azərbaycanın açıqlamalarında da əsas diqqəti legitim hərbi hədəflərə yönəldiyi, mülki əhali və mülki infrastrukturun hədəf alınmadığı bildirildi. Əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyi ilə bağlı xəbərdarlıqların edilməsi, mülki şəxslərin hərbi obyektlərdən uzaq durması üçün çağırışın səsləndirilməsi, qadınlara, uşaqlara, yaşlılara, xəstələrə və əlilliyi olan şəxslərə yardım göstərilməsi, həmçinin humanitar dəhlizlərin yaradılması barədə Müdafiə Nazirliyi məlumat yaymışdı.
Bu məqam sonrakı günlərdə BMT missiyasının müşahidələri ilə də tamamlandı. BMT-nin 1 oktyabr 2023-cü ildə Qarabağa səfər edən missiyası Xankəndidə gördüyü ərazilərdə xəstəxanalar, məktəblər, yaşayış evləri, mədəni və dini obyektlər də daxil olmaqla mülki ictimai infrastruktura zərər dəymədiyini bildirmişdi. Missiya eyni zamanda atəşkəsdən sonra mülki şəxslərə qarşı zorakılıq hallarına dair məlumatla qarşılaşmadığını qeyd etmişdi.
Antiterrordan sonrakı vəziyyət
Əməliyyatın hərbi nəticəsi isə son dərəcə qısa müddətdə ortaya çıxdı. Sentyabrın 20-də əldə edilən razılaşmaya əsasən Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz silahlı dəstələr silahı yerə qoymalı, döyüş mövqelərini və hərbi postları tərk etməli, bütün silah-sursat və ağır texnikanı təhvil verməli idilər. Başqa sözlə, Azərbaycan 23 saat 43 dəqiqəlik əməliyyatla suverenliyini tam bərpa etdi.
Antiterror əməliyyatı və tarixi qələbənin arxasında həm də 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallıq dayanırdı. 2020-ci il müharibəsi Azərbaycanın uzun illər işğal altında qalan ərazilərinin böyük hissəsinin azad edilməsi ilə nəticələndi, 10 noyabr üçtərəfli bəyanatından sonra isə Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Bununla belə, Qarabağın bir hissəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz silahlı dəstələrin mövcudluğu davam edirdi.
Azərbaycan bir tərəfdən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayır, digər tərəfdən isə Qarabağda qalan qanunsuz silahlı birləşmələrin fəaliyyəti ilə üzləşirdi. 2023-cü ilin sentyabrına qədər həmin qüvvələr Azərbaycan mövqelərini atəşə tutur, əraziləri yenidən minalayır, döyüş mövqelərini mühəndislik baxımından gücləndirirdi.
Məhz buna görə 2022-ci ilin avqustunda Azərbaycan “Qisas” əməliyyatı keçirdi. Həmin əməliyyat zamanı Qırxqız, Sarıbaba və bir sıra digər hakim yüksəkliklərin nəzarətə götürüldü. Bu əməliyyat ilə ərazidə hərbi nəzarət imkanlarımız genişləndi, eyni zamanda gələcəkdə yarana biləcək təhlükələrin qarşısının alınması üçün mövqelər möhkəmləndirildi.
Cəbhədə gedən mübarizə qədər diplomatik sferada da əməliyyat davam edirdi. Ümumiyyətlə qeyd edim ki, Prezident İlham Əliyevin qarşısında 2020-ci il Zəfərindən sonra iki mühüm vəzifə dayanırdı: müharibədə qazanılmış üstünlüyü siyasi müstəvidə möhkəmləndirmək və Azərbaycan ərazisində hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin qalıqlarının yaratdığı təhlükəni aradan qaldırmaq.
2020-ci il müharibəsindən sonra Azərbaycan dərhal yeni genişmiqyaslı müharibəyə getmədi. Əksinə, ölkə başçısı hərbi qələbənin yaratdığı yeni reallığı diplomatik müstəvidə möhkəmləndirməyə çalışdı. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını özü gündəmə gətirdi, beş baza prinsip irəli sürdü və dövlətlərarası münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesinə başladı.
Prezident danışıqların davam etdiyi bir zamanda paralel olaraq Azərbaycan Ordusunun yeni reallıqlara uyğunlaşdırılmasını həyata keçirirdi. Vətən müharibəsindən çıxan ordunun döyüş təcrübəsi təhlil edilir, yeni komando hərbi hissələri yaradılır, ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində işlər görülürdü. 2023-cü ilin iyununda Prezident yeni komando hərbi hissəsinin açılışında çıxış edərkən bu qüvvələrin yaradılmasının onun göstərişi ilə həyata keçirildiyini və məqsədin Azərbaycanın döyüş qabiliyyətini daha da artırmaq olduğunu bildirmişdi.
Prezident İlham Əliyev sonrakı açıqlamalarında 2022 və 2023-cü illərdəki hərbi addımların təsadüfi olmadığını, 2020-ci ildən sonra atılan addımların hamısının müəyyən edilmiş məqsədə tabe olduğunu vurğuladı.
Nəticə etibarı ilə Antiteror əməliyatları ən yeni tarixmizin şanlı qürurlu səhifəsidir. Bütün şəhidlərimizi hörmət və ehtiramla anır, qəhrəman ordumuza güc və qüvvət arzu edirik./globalinfo.az/
