Təhsil müəssisələrində TikTok-a giriş məhdudlaşdırılıb, 200-dən çox zərərli məzmunlu paylaşımın məktəb ərazisində əlçatanlığına məhdudiyyət qoyulub.
Referans Media xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
Ekspertin sözlərinə görə, məhdudlaşdırılan paylaşımlar arasında psixotrop və narkotik maddələrlə bağlı görüntülər, qeyri-etik materiallar, zorakılıq səhnələri və yeniyetmələr arasında bullinqi əks etdirən videolar var.
E.Əfəndi hesab edir ki, zərərli məzmunlarla mübarizə digər sosial platformalarda da aparılmalı, şagirdlərin məktəbdənkənar vaxtlarda internetdən istifadəsinə diqqət yetirilməlidir.
O, bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb:
“Valideynlər smartfon və texnoloji alətləri övladlarına verdikləri zaman mütləq valideyn nəzarəti panelini aktiv etməlidirlər. Yaxşı olar ki, hər gün övladlarının mobil telefonlarını yoxlayaraq hansı məzmunları izlədikləri və telefona nə qədər vaxt sərf etdikləri barədə məlumatlı olsunlar”.
Ekspert sosial şəbəkələrə yaş məhdudiyyətinin tətbiqini də vacib sayır.
“Ən azı 16 yaşdan aşağı şəxslərin platformalardan istifadəsi məhdudlaşdırılmalıdır. Yalnız yuxarı yaş kateqoriyasına icazə verilməlidir”, – deyə o bildirib.
E.Əfəndi əlavə edib ki, məktəblərdə uşaqlarla profilaktik söhbətlər aparılmalı, dövlət səviyyəsində də müvafiq tədbirlər görülməlidir. Onun fikrincə, uşaqların diqqəti zərərli məzmunlardan uzaqlaşdırılaraq elmə və təhsilə yönəldilməlidir.
