backend

Torpaq sahələrinin sistemli qeydiyyatı başa çatır – Qonşu ölkədə…

Gürcüstanda torpaq sahələrinin sistemli və pulsuz qeydiyyatı proqramının başa çatdırılması ilə bağlı prosesə hüquqşünas, “OK&CG” şirkətinin təsisçisi Otar Kaçkaçişvili münasibət bildirib.

Referans Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, müxtəlif səbəblərə görə çoxlu sayda vətəndaş sistemli qeydiyyatdan kənarda qalıb və bu səbəbdən proqramın ən azı bir il uzadılacağına ümid edirdi.

Parlamentə təqdim olunan qanun layihəsinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən torpaq sahələrinin qeydiyyatı yalnız sporadik qaydada davam edəcək. Sistemli qeydiyyat dövründə torpaq sənədlərini müxtəlif səbəblərdən rəsmiləşdirə bilməyən vətəndaşlara isə əlavə olaraq bir il – 2027-ci il yanvarın 1-dək qeydiyyat imkanı veriləcək.

Qanun layihəsində qeydiyyat üçün ödəniləcək dəqiq məbləğ göstərilməsə də, izahat sənədinə əsasən tarif 2026-cı il yanvarın 1-dək hökumət tərəfindən müəyyənləşdiriləcək. Həmçinin vurğulanır ki, xidmət haqqı Dövlət Xidmət Agentliyinin hazırda qüvvədə olan maksimum tarifinin ikiqatından çox olmamalıdır. Hazırda bu tarif 600 lari təşkil edir.

Otar Kaçkaçişvilinin “BusinessPressNews”a açıqlamasına görə, ölkənin bir çox regionunda layihənin tam icra olunmaması səbəbindən sistemli qeydiyyatdan kənarda qalanların sayı kifayət qədər çoxdur.

Onun sözlərinə görə, bəzi hallarda məlumat çatışmazlığı, vətəndaşların passivliyi, eləcə də xaricdə yaşayan şəxslərin prosesə qoşulmaması torpaq qeydiyyatını mümkünsüz edib. Kaçkaçişvili hesab edir ki, layihəni sonsuzadək uzatmaq mümkün deyil, lakin əlavə bir il vətəndaşlara pulsuz qeydiyyatdan yararlanmaq üçün real imkan yaratmış olardı.

Hüquqşünasın fikrincə, yeni təklif edilən sporadik qeydiyyat vətəndaşlara öz əmlaklarını öz vəsaitləri hesabına rəsmiləşdirmək imkanı verir. O, hökumətin iqtisadi vəziyyəti nəzərə alaraq münasib tarif müəyyən edəcəyinə ümid etdiyini və xidmətin baha olmamasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, maksimum tarifin ikiqatı belə bir çox vətəndaş üçün əlçatmaz ola bilər.

Rəsmi statistikaya əsasən, 2022–2025-ci illərdə sistemli qeydiyyat çərçivəsində 2 094 707 torpaq sahəsi ölçülüb və onların ümumi sahəsi 1 101 570 hektar təşkil edib. 2025-ci il dekabrın 1-nə olan məlumata görə, ölkənin kadastrla əhatə olunması 95%-i keçib. Həmin dövrdə 1 469 581 vətəndaş torpaq sahəsinin sahibi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki