"Yahoo"nun baş icraçı direktoru (CEO) Cim Lanzone uğura gedən yolunun heç də asan olmadığını bildirib.
Referans Media xəbər verir ki, Yahoo"nun baş icraçı direktoru (CEO) Cim Lanzone "Fast Company" nəşrində dərc olunan "My First Job" adlı yazısında karyerasının ilk illərindən, müxtəlif sahələrdə çalışmasından və texnologiya sektoruna necə gəldiyindən bəhs edib.
O, tələbəlik illərində pizza restoranında köməkçi, kitab mağazasında satıcı, hüquq şirkətində katib, investisiya şirkətində telefon satış nümayəndəsi, hətta İspaniyada ingilis dili müəllimi kimi çalışdığını deyib.
"Atam hüquqşünas, anam müəllim idi. Ailəmizdə biznesi anlayan heç kim yox idi", - deyə Lanzone bildirib.
Onun sözlərinə görə, əvvəlcə hüquq təhsili almağa başlasa da, sonradan bunun ona uyğun olmadığını anlayıb.
"Həyatında nə etmək istədiyini bilməyən bir çox insan kimi mən də hüquq fakültəsinə getdim. Sonra başa düşdüm ki, bu mənlik deyil və MBA proqramına keçdim", - deyə o qeyd edib.
Lanzonenin karyerasında dönüş nöqtəsi 1997-ci ildə internet şirkətində təcrübə keçməsi olub. O bildirib ki, burada məhsul dizaynından marketinqə qədər demək olar ki, bütün sahələrdə çalışıb.
"Mühəndislik təhsilim yox idi, amma bu, mənə mane olmadı. Məhsulun necə olmalı olduğunu dizayn və mühəndislik komandalarına izah edirdim".
Daha sonra o, universitet yoldaşları ilə birlikdə "eTour" adlı internet startapını qurub. Şirkət qısa müddətdə böyüyərək bazarın aparıcı platformalarından birinə çevrilib və sonradan "Ask Jeeves" tərəfindən satın alınıb.
Lanzonenin sözlərinə görə, həmin təcrübə ona biznesdə çətin dövrlərin öhdəsindən gəlməyi öyrədib.
"İlk işim mənə cəsarət verdi. 2000-ci il böhranını, 2008-ci il maliyyə böhranını və pandemiya dövrünü məhz həmin təcrübə sayəsində idarə edə bildim", - deyə o vurğulayıb./Valyuta.az/
