Səhərlər zəngli saat çalan kimi onu dəfələrlə “söndürüb yenidən yatmaq” bir çox insan üçün adi hal kimi görünür. Amma mütəxəssislərə görə, bu sadə vərdişin arxasında həm yuxu rejimi, həm də psixoloji proseslər dayanır.
Referans Media xəbər verir ki, psixoloqlar bildirirlər ki, zəngli saatı təkrar-təkrar söndürüb yenidən yatmaq bədənə real istirahət qazandırmır.
Əksinə, beyin bu qısa fasilələrdə tam oyanış və dərin yuxu arasında “yarı oyaq” vəziyyətdə qalır. Bu vəziyyət isə gün ərzində yorğunluq, diqqət dağınıqlığı və zehni qarışıqlıq yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, bir çox insanın birdən çox siqnal qurması da təsadüfi deyil. Bu, çox vaxt gecikmək qorxusu və “mütləq oyanmalıyam” düşüncəsindən yaranan narahatlıqla bağlıdır. Psixoloqlar bu davranışı “narahatlığa əsaslanan planlaşdırma” kimi izah edirlər.
Lakin maraqlısı odur ki, bu vərdiş əks effekt yaradır. Beyin bir neçə dəfə təkrarlanan siqnalları ciddi oyanış siqnalı kimi qəbul etməyi dayandırır və nəticədə oyanmaq daha da çətinləşir.
Klinik psixoloqlar qeyd edirlər ki, səhərlər mürgüləmə vərdişi bəzən insanın yeni günə başlamaq istəməməsi, günün yükündən qaçmaq cəhdi və ya yüksək gözləntilərin yaratdığı təzyiq ilə də əlaqəli ola bilər.
Nəticə olaraq, mütəxəssislər xəbərdarlıq edirlər: tez-tez “mürgüləmə” təkcə səhəri gecikdirmir, həm də gün boyu enerjini və fokuslanmanı zəiflədə bilər.sfera.az























