16 il əvvəl törədilən körpə cinayəti açıldı: Ana həbs edildi, ata nəzarətə götürüldü

Türkiyənin Kahramanmaraş şəhərində 2010-cu ildə boş ərazidə meyiti aşkarlanan körpənin ölümü ilə bağlı 16 il davam edən istintaq nəticə verib. Polis araşdırmaları zamanı körpənin anası, atası və nənəsi müəyyən edilərək saxlanılıb. Ana ifadəsində körpənin qız olması və qayınanasının təzyiqi səbəbindən onu doğuşdan dərhal sonra əraziyə buraxdığını bildirib.

Referans Media xəbər verir ki, hadisə Kahramanmaraşın Onikişubat rayonunda 9 dekabr 2010-cu ildə baş verib. Həmin gün boş ərazidə yeni doğulmuş qız uşağının meyiti aşkarlanıb.

Aparılan ilkin ekspertiza zamanı körpənin ağız və burnunun bağlanması nəticəsində həyatını itirdiyi ehtimal edilib. Lakin uzun illər ərzində cinayətin kim tərəfindən törədildiyi müəyyənləşdirilməyib.

Kahramanmaraş Prokurorluğunun koordinasiyası ilə rayon Polis İdarəsinin əməkdaşları illər əvvəl bağlanmayan işi yenidən araşdırmağa başlayıb.

İstintaq çərçivəsində şəhərdəki xəstəxanalardan əldə edilən məlumatlar əsasında 8 min 369 nəfərdən ibarət siyahı hazırlanıb. Polis əməkdaşları həmin şəxslərlə bağlı araşdırma aparıb, həmçinin körpənin meyitinin tapıldığı ərazidə əlavə araşdırmalar həyata keçirib. Uzunmüddətli araşdırmalar nəticəsində körpənin anası R.Ş., atası İ.Ş. və nənəsi D.Ş. müəyyən edilərək saxlanılıb.

İstintaq zamanı R.Ş. körpənin doğuşdan sonra boş əraziyə buraxıldığını etiraf edib. Onun ifadəsinə görə, körpənin qız olması və qayınanasının təzyiqi hadisənin baş verməsində rol oynayıb. Ana yeni doğulan körpəni bir parça ilə bükərək evinin yaxınlığındakı boş əraziyə qoyduğunu bildirib.

Körpənin daha sonra həyatını itirdiyi müəyyən edilib. Saxlanılan şəxslər polis bölməsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə körpənin anası R.Ş. həbs edilib. Atası İ.Ş. barəsində isə məhkəmə nəzarət tədbiri seçilib. Saxlanılan nənə D.Ş.-nin hüquqi vəziyyəti ilə bağlı isə əlavə məlumat verilməyib.

Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki